“Donald Trampın Pentaqona nüvə silahı sınaqlarına başlamaq əmri verməsi son on illiklərin ən təhlükəli və geosiyasi baxımdan sarsıdıcı qərarlarından biridir”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında siyasi şərhçi, deputat Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, 1992-ci ildən sonra ilk dəfə belə bir addımın atılması beynəlxalq təhlükəsizlik sistemində balansın dəyişməsi ehtimalını artırır:
“Trampın qərarı təkcə texnoloji və hərbi məqsədlərlə deyil, həm də siyasi mesaj daşıyır – bu, həm daxili, həm də xarici auditoriyaya yönəlmiş güc nümayişidir.
ABŞ administrasiyası bu addımı Rusiya və Çinin artan nüvə potensialına cavab kimi təqdim edir. Xüsusilə, Çin son illərdə öz nüvə arsenalını sürətlə genişləndirir və bu, Vaşinqtonda strateji təşviş yaradır. Lakin məsələ təkcə hərbi balansla məhdudlaşmır. Görünür, Tramp xüsusilə də, Pekinlə münasibətlərdə üstün mövqe qazanmaq üçün bu qərarı siyasi alət kimi istifadə etmək niyyətindədir”.
E.Mirzəbəyli qeyd edib ki, ABŞ prezidentinin bu addımı həm də daxili siyasət kontekstində izah oluna bilər:
“Tramp üçün “güclü Amerika” imicinin bərpası, hərbi-sənaye kompleksinin dəstəyini qazanmaq və seçici bazasında milli təhlükəsizlik hissini canlandırmaq mühüm məqsəddir. Nüvə sınaqları kimi radikal qərarlar onun siyasi ritorikasında “liderin qətiyyəti” rəmzinə çevrilir.
Bununla belə, belə bir qərar beynəlxalq hüququn və nüvə silahlarının sınaqlarını qadağan edən müqavilələrin ruhuna ziddir. Bu addım nüvə silahlarının yayılmasına qarşı illərlə formalaşmış konsensusu poza, Rusiya və Çin kimi dövlətləri qarşılıq addımlar atmağa sövq edə bilər. Nəticədə, qlobal nüvə sabitliyi daha kövrək vəziyyətə düşür”.
Son olaraq ekspert vurğulayıb ki, Trampın qərarı qısamüddətli siyasi qazanclar gətirsə də, uzunmüddətli perspektivdə beynəlxalq təhlükəsizlik arxitekturasını zəiflədə bilər.
Ariz Həsənoğlu

