Son illərdə sosial şəbəkələrin ictimai rəyə təsir imkanları artdıqca, müxtəlif qruplar və şəxslər bu platformalardan öz maraqları naminə geniş şəkildə istifadə etməyə başlayıblar. Xüsusilə siyasət meydanında bu cür fəaliyyətlər daha qabarıq şəkildə özünü göstərir.
Yayılan məluatlar əsasən, Əli Kərimlinin özünün və ətrafındakı şəxslərin onlarla “Facebook” səhifəsinə sahib olması, troll şəbəkəsi formalaşdırması barədə əvvəllər dəfələrlə məlumatlar yayılıb.
Troll şəbəkələri ictimai rəyin formalaşmasına necə təsir göstərə bilər? Bu cür halların qarşısını almaq üçün hansı əks addımlar atılmalıdır?
Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu müasir texnoloji inkişafların ictimai şüura müxtəlif təsir vasitələri əldə etməyə şərait yaratdığını deyib. Deputatın sözlərinə görə, bunlardan biri də troll qruplarının formalaşdırılmasıdır:
“Bu, ictimai müstəvidə saxta kütlə yaratmaq və beləliklə genişmiqyaslı şəkildə fikir formalaşdırmaq üçün düşünülmüş metoddur. Real dünyada həqiqi dəstəkçiləri olmayan siyasətçilər də yeni texnologiyalardan istifadə edərək özlərini olduğundan böyük göstərməyə çalışırlar”.
H.Babaoğlu bildirib ki, Əli Kərimli də artıq uzun illərdir ki, bu yanaşmadan yararlanır:
“Bilirik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının arxasında duranlar siyasi proseslərə və ictimai düşüncəyə təsir göstərə bilməyəcək qədər məhduddur. Buna görə də Əli Kərimli məcburi olaraq belə addımlar atır, lakin şübhəsiz ki, bunların nə dərəcədə effektli olacağı ayrı mövzudur. Görünən odur ki, bu vasitələrə baxmayaraq Əli Kərimli siyasi sistemdə həqiqi nüfuz qazana bilmir. Onun fəaliyyəti sadəcə sosial media aktivindən yüksək səviyyəni aşmır. Dolayısıyla burada siyasi təşkilatlanmadan yox, saxta şəkildə sosial media üzərində qurulan qruplaşmadan danışmaq olar. Belə bir vəziyyət isə uzun müddət davam edə bilməz. Nəticə etibarilə bu cür davranışlar gec-tez iflasa uğrayacaq”.

