8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan şanlı tarixdir. Bu gün biz həm şəhidlərimizin ruhuna dualar oxuyur, həm də 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin qürurunu yaşayırıq. Göz yaşımız qürurla, qələbəmiz isə əbədiyyətlə qovuşub.
8 Noyabr Zəfər Günü. Bu tarix təkcə torpaqların azad olunmasının deyil, illərlə ürəyimizdə daşıdığımız nisgilin qürura çevrildiyi gün kimi yaddaşlara həkk olacaq.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan bir yumruq kimi birləşdi, ordumuzun gücü, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti düşməni diz çökməyə məcbur etdi. Bu qələbə təkcə hərbi zəfər deyil, həm də milli ruhun, azadlıq eşqinin və vətən sevgisinin təntənəsidir.
Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Göz yaşımız hələ də qurumayıb, amma bu göz yaşında ağrı deyil, qürur var çünki o göz yaşında Zəfərin izi var.
Zəfər Günü bir millətin yenidən doğulduğu gündür. Qarabağda dalğalanan üçrəngli bayrağımız minilliklər boyu xatırlanacaq.
Bu qələbə bizə həm keçmişimizi unutmamağı, həm də gələcəyə daha inamla baxmağı öyrətdi.
Bu gün hər birimizin ürəyində eyni cümlə səslənir:
Qarabağ Azərbaycandır!
Ariz Həsənoğlu

