“Bank Respublika”nın 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatı bankda ciddi maliyyə problemlərinin və risklərinin mövcud olduğunu üzə çıxarıb.
Yeniera.az Valyuta.az-a istinadən xəbər verir ki, bankda əmanətçi çıxışları, öhdəliklərin artması, faiz xərclərinin yüksəlməsi və vaxtı keçmiş kreditlərin iki dəfə artması müşahidə olunur.
Əmanət axını sürətlənib
Cari ilin üçüncü rübündə fiziki şəxslərin bankdakı əmanətlərində ciddi azalma baş verib. 2024-cü ilin müvafiq dövründə fiziki şəxslərin yerləşdirdiyi depozitlərin həcmi 649 milyon 867,85 min manat olduğu halda, bu göstərici 2025-ci ilin eyni dövründə 602 milyon 476,18 min manata düşüb. Yəni bir il ərzində 47 milyon 391 min manat və ya 7,29% azalma qeydə alınıb.
Əmanətlərin azalması təkcə fiziki şəxslərlə məhdudlaşmır. Ümumilikdə bankın depozit portfelində 33,7 milyon manat həcmində çıxış qeydə alınıb.
| Əmanət həcmlərinin dəyişməsi | ||
|---|---|---|
| Dövr | Məbləğ (AZN) | Dəyişiklik (%) |
| 2024-cü il Q3 | 649,867,850 | — |
| 2025-ci il Q3 | 602,476,180 | -7.29% |
Nağd vəsaitlərin azalması
Bankın nağd pul vəsaitləri də əhəmiyyətli şəkildə azalıb. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 175 milyon 432,19 min manat və ya 32,2% azalaraq 368 milyon 841,63 min manata düşüb.
Borclar artır: Bankın öhdəlikləri kəskin yüksəlib
Bankın ümumi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 25,74% artaraq 2 milyard 487 milyon 33,5 min manata çatıb. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında yaranan borclar hesabına baş verib. Belə ki, bu öhdəliklər 2024-cü ildə 520 milyon 649,73 min manat olduğu halda, 2025-ci ildə 864 milyon 60,94 min manat olub. Bu, 343 milyon 411,21 min manat və ya təxminən 66% artım deməkdir.
| Kredit təşkilatları qarşısında öhdəliklər | ||
|---|---|---|
| İl | Məbləğ (AZN) | Artım (%) |
| 2024 | 520,649,730 | — |
| 2025 | 864,060,940 | +66% |
Faiz xərcləri sürətlə artır
Bankın faiz xərcləri də artmaqda davam edir. 2025-ci ilin ilk doqquz ayında bank 90 milyon 839,35 min manat faiz ödənişi həyata keçirib ki, bu da ötən illə müqayisədə 43,76% artım deməkdir.
Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 2,85 dəfə artaraq 46 milyon 214,38 min manata çatıb. Mərkəzi Bank və dövlət fondları qarşısında faiz ödənişləri isə 169 dəfə artaraq 429,62 min manat təşkil edib. Bu, bankın maliyyə yükünün kəskin ağırlaşdığını göstərir.
Problemli kreditlər iki dəfə artıb
Bankın problemli kredit portfeli də böyüməkdədir. 2025-ci ilin üçüncü rübündə vaxtı keçmiş kreditlərin həcmi 19 milyon 667,26 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artıb. Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,25%-ə çatıb.
Bu dinamika bankın risk idarəçiliyi və kredit siyasətində problemlərin olduğunu göstərir.
Səhmdarlar kimlərdir?
Bankın səhmdar strukturu ailədaxili pay bölgüsünün üstünlük təşkil etdiyini göstərir. “Bank Respublika”nın əsas səhmdarları Quliyev ailəsinin üzvləridir:
| Bankın səhmdar strukturu | ||
|---|---|---|
| Səhmdar | 2024, % | 2023, % |
| Quliyev Natiq Saday oğlu | 63.32 | 63.32 |
| Quliyev Elçin Saday oğlu | 18.46 | 18.46 |
| Quliyev Namiq Saday oğlu | 8.47 | 8.47 |
| Rəhimov Şakir Xəyyam oğlu | 5.45 | 5.45 |
| SIDT (Sparkassen International Development Trust GmbH) | 4.22 | 4.22 |
| Digərləri | 0.08 | 0.08 |
| Cəmi | 100 | 100 |

