“Ukraynanın müdafiə naziri Rüstəm Umerovun korrupsiyada ittiham olunması ilkin ehtimallardan biridir. Ancaq hüquqi müstəvidə qiymətini tapmayana qədər bunun belə olduğunu demək olmaz”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O hesab edir ki, müharibə gedən ölkədə müdafiə naziri sisteminin korrupsiya ilə məşğul olmasının önə çəkilməsi Avropanın digər tərəflərinin məqsədlərinə daha çox xidmət edir. Nəticədə istənilən ölkədə belə halların baş verməsi mümkündür. Amma müharibə vəziyyətində bu cür iddiaların qlobal ictimai rəyi zəbt etməsi düşünülmüş informasiya müharibəsi kimi qiymətləndirilə bilər:
“Nəticə etibarilə, biz Rusiyada da generalların eyni iddia ilə həbs olunduğunu, yaxud işdən çıxarıldığını gördük. Amma nədənsə bu məsələ nə Avropa mediasında nə qlobal ictimai rəydə Ukraynadakı hadisələr kimi rezonans doğurur. Ona görə də bu prosesdə hər iki hal – həm korrupsiya halının olması, həm də bundan informasiya müharibəsində istifadə etmək istəyən mərkəzlərin olması mümkündür. Əlbəttə, bu Avropa ictimai rəyində Ukrayna haqqında mənfi imic yaratmaqla ora dəstəyin azalmasına gətirib çıxara bilər. Bunu da ən çox Rusiya və müttəfiqləri istəyir”.
Millət vəkilinin qənaətincə, Ukraynada sonra da bənzər informasiya müharibəsi komponentlərini müşahidə edə bilərik:
“Bütün hallarda müharibə sona çatmadan iddiaların doğru olmadığını sübut etmək çox çətin olacaq”.
Ariz Həsənoğlu

