ABŞ və Ukrayna arasında razılaşdırılan sülh planının əsas şərtlərinin regionda təhlükəsizlik balansını dəyişdirə biləcəyinə dair müxtəlif mülahizələr var. Bu planın Rusiya ilə münasibətlərə və münaqişənin gələcək dinamikasına real təsirlərinin nə ola biləcəyi ilə bağlı bəzi fikirlər səsləndirilir.
Bu şərtlər Ukraynanın uzunmüddətli təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər?
Sualımızı cavablandıran millət vəkili Hikmət Babaoğlu Yeniera.az-a açıqlamasında bildirib ki, ABŞ-Ukrayna arasında razılaşdırılan sənəd Rusiya ilə razılaşdırılmayana qədər heç bir əhəmiyyət kəsb etmir.
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi bəllidir:
“Adətən münaqişə edən tərəflər mümkün sülh layihəsinin müddəalarını müzakirə edə bilərlər. Vasitəçinin ayrılıqda müharibə edən tərəflərlə sülh layihəsini müzakirə etməsi o deməkdir ki, əsas tərəflər, yəni müharibədə tərəf olan ölkələr arasında dialoq mövcud deyil. İndiki vəziyyətdə hansısa sülhdən, sülh layihəsinin müzakirə olunmasından danışmaq tezdir. Amma elan olunmuş bir mətn var. Bu mətn ABŞ-nin təqdim etdiyinə görə, bəzən 28 maddədən ibarət olaraq təqdim olunur, Aİ-nin sülh layihəsinin mətni isə 19 maddədən ibarətdir. Ukrayna tərəfinin Cenevrə danışıqlarından sonra açıqladığı yeni bir variant – sülh layihəsi mətni var. Bütün bunların heç biri Rusiya ilə müzakirə olunmayıb. Rusiya rəsmiləri deyirlər ki, hər hansı 19 maddəlik mətndən xəbərimiz yoxdur, belə olan halda razılaşmanın necə olacağını, yaxud tərəflərin o razılaşmanı sülh layihəsini qəbul edəcəyi təqdirdə mümkün güc balansından danışarıq. Amma əlimizdəki mətnlərlə məntiq irəli sürsək, görəcəyik ki, Şərqi Avropada, bütövlükdə Avropa qitəsində kardinal bir dəyişiklik olacaq. ABŞ-nin irəli sürdüyü sülh layihəsi qəbul olunarsa, bu, təkcə Rusiya-Avropa Birliyi ölkələri arasında güc balansını dəyişməyəcək, bütövlükdə Avropa Birliyi-ABŞ münasibətlərinə də cidid təsir göstərəcək”.
Ariz Həsənoğlu

