“Qazprom” türk tərəfdaşları ilə qaz müqavilələrini və onların gələn ilə uzadılması imkanlarını müzakirə edir.
Yeniera.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Novak daha əvvəl türk şirkətlərinin Rusiya ilə müddəti başa çatan qaz müqavilələrinin uzadılmasında maraqlı olduğunu bildirərək, “Qazprom”la işlərin davam etdiyini bildirib.
TASS-ın əldə etdiyi ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə birgə hökumətlərarası komissiyasının 19-cu iclasının protokolunda qeyd olunub ki, Rusiya və Türkiyə qazın tədarükü və ixracı üzrə müqavilələrin qarşılıqlı faydalı şərtlərlə uzadılmasında maraqlıdırlar.
“Qazprom”un Türkiyənin “Botaş” dövlət neft-qaz şirkəti ilə gücü ildə 16 milyard kubmetr olan “Mavi Axın” qaz kəməri ilə qaz tədarükünə dair müqavilələri, “Türk axını” qaz kəməri ilə ildə 5,75 milyard kubmetr qazın tədarükünə dair dörd illik müqavilə də bu ilin sonunda başa çatır. Bundan başqa, Türkiyənin qaz bazarının liberallaşdırılması və yeni özəl oyunçuların qəbulu çərçivəsində “Qazprom Export” 2007 və 2012-ci illərdə Rusiya qazının Türkiyəyə tədarükü üçün özəl türk şirkətləri ilə uzunmüddətli müqavilələr imzalayıb. Bu müqavilələrdən bir neçəsinin də 2025-2026-cı illərdə başa çatması planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ildə “Qazprom” Rusiya qazının respublikaya tədarükünün vəziyyətini və perspektivlərini müzakirə etmək üçün türk tərəfdaşları ilə beş görüş keçirib.
Rza Əli

