Bakıda 1986-cı il təvəllüdlü Pərviz qeyri-rəsmi münasibətdə olduğu həyat yoldaşı Pəriyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 24-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib. Pərviz həmin gün saat 23 radələrində qeyri-rəsmi münasibətdə olduğu Pəri ilə birlikdə yaşadıqları evdə mübahisə edib. O, Pəriyə əli və ayağı ilə bədənin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirib.
Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Pəri ilə qeyri-rəsmi şəkildə ər-arvad kimi münasibətləri mövcuddur: “Ailə həyatı qurduğumuz dövrdən etibarən aramızda tez-tez əsassız yerə münaqişələr yaranıb və bunun nəticəsi olaraq hazırda həyat yoldaşım ilə aramızdakı münasibət soyuqdur. Pərinin birinci evlilikdən olan övladı çəkilişlərdə aktyor kimi çıxış edir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, axşam saat 23 radələrində yaşadıqları evdə olan zaman Pəri onunla söhbət etdiyi zaman əvvəlki gün övladları İlqarı ondan xəbərsiz kino çəkilişinə apardığını qeyd edib:
“Məndən xəbərsiz iş gördüyü üçün aramızda mübahisə yarandı. Ailə-məişət münasibətləri zəminində yaranmış münaqişə nəticəsində evin daxilində əlim və ayağım ilə bir neçə dəfə Pərinin baş və bədəninin müxtəlif nahiyələrinə vurdum”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsini tətbiq edib.
Buna əsasən təqsirlənidirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

