Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Yeniera.az AZƏRTAC-a istinadən xəbər verir ki,səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar.
Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.
Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.
Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib.
Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.
Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.
Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.
Qeyd olunub ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.
Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.
Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.
Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.
Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva “ABAD”çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Sonda mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.











































