2016-cı ildə baş tutan aprel döyüşlərində ağır yaralanan qazi Kamran Əhmədov ondan 5 min manat pul alaraq qaytarmayan Vüqar Məmmədov, eyni zamanda onun atası, Salyan rayonu Varlılar kənd xəstəxanasının baş həkimi Əlxuda Məmmədovdan şikayətçidir.
Medialive.az-a müraciət edən qazi bildirib ki, 2 il öncə yaxın münasibətləri olan Vüqar Məmmədov Kamran Əhmədovdan 2-3 ay sonra qaytaracağı vədi ilə borc müqabilində 5 min manat pul istəyib. K.Əhmədov da fədakarlıq göstərərək bu məbləği ona verib.
Lakin bir müddət sonra qazi Vüqar Məmmədovdan borcunu geri qaytarmasını istəyib, borclu da bunun telefonlarına cavab verməyib və bir müddət yoxa çıxıb. Bunu görən qazi Kamran Əhmədov Vüqar Məmmədovun qaldığı evə gedib və ona bildirilib ki, Vüqar Məmmədov Almaniyaya qaçıb.
Daha sonra borc verən qazi borclunun atasının əlaqə nömrəsini tapıb və ona zəng edərək oğlunun ona borclu olduğunu söyləyib.
Vüqar Məmmədovun atası isə qaziyə bildirib ki, bu borcu ona bütöv şəkildə özü ödəyəcək.
2025-ci ildən Vüqar Məmmədovun atası Əlxuda Məmmədov borcu aybaay qaytarmaq şərti ilə qaziyə 2200 manat ödəniş edib. Amma ötən ilin dekabr ayında baş həkim borcu qaytarmağı dayandırıb və qaziyə “daha pul ödəməyəcəyəm” deyib.
Qazi vurğulayıb ki, 2200 manat ödənişi də qarşı tərəfdən çətinliklə alıb. Yəni Əlxuda Məmmədov öncə öz xoşu ilə borcu qaytaracağını desə də, sonradan bundan yayınmağa çalışıb.
Müharibə iştirakçısı iddia edir ki, Əlixuda Məmmədov işlədiyi Salyan rayon Varlılar kənd xəstəxanasında da dələduzluqla məşğul olur. Belə ki, o, ailə üzvləri üçün saxta vakansiya yaradıb və hər ay onlar üçün təyin olunan əməkhaqqını şəxsi mənafeyi üçün istifadə edir.
Məsələ ilə bağlı Əlxuda Məmmədovla əlaqə saxladıq.
O, saytımıza açıqlamasında bildirdi ki, Kamran Əhmədovun ödənişlə bağlı iddiaları doğrudur, lakin 2800 manat məbləğindəki vəsait qısa zamanda ona ödəniləcək.
Ə.Məmmədov qazinin onun haqda xəstəxanada etdiyi dələduzluq əməlləri ilə bağlı iddialarını isə təkzib edib.
Məsələni diqqətdə saxlayacağıq.

