Türkiyənin İstanbul şəhərində insan tələfatı ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Paytaxtın Fatih rayonunda yerləşən otellərin birində qəfil alovlanma baş verib.
Yeniera.az xəbər verir ki, “Demirören” (DHA) agentliyinin yaydığı məlumata görə, hadisə səhər saat 05:00 radələrində Fatihin Topqapı məhəlləsində yerləşən dördmərtəbəli hotel binasında qeydə alınıb. Hotelin sonuncu — dördüncü mərtəbəsindəki otaqlardan birində hələlik müəyyən edilə bilməyən səbəbdən yanğın başlayıb.
Binadan tüstü yüksəldiyini görən sakinlərin xəbərdarlığı əsasında əraziyə dərhal çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə yerinə gələn yanğınsöndürmə qrupları bir tərəfdən alova müdaxilə edərkən, digər tərəfdən hoteldə olan 8 nəfəri təhlükəsiz şəraitdə binadan təxliyə ediblər. Operativ müdaxilə nəticəsində alov qısa müddətdə nəzarətə alınaraq tam söndürülüb.
Lakin yanğın tamamilə söndürüldükdən sonra otaqlarda aparılan axtarış-yoxlama tədbirləri zamanı acı mənzərə ortaya çıxıb. Alovun başladığı otaqda yerdə hərəkətsiz vəziyyətdə tapılan 32 yaşlı Türkiyə vətəndaşı H.E.G.-nin həyatını itirdiyi müəyyən edilib. Onun yanğın zamanı tüstüdən boğularaq öldüyü ehtimal edilir.
Gəncin meyiti hadisə yeri araşdırmalarından sonra dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə Tibb Qurumunun morquna qaldırılıb. Hazırda polis və ekspertlər tərəfindən yanğının çıxış səbəbləri ilə bağlı genişmiqyaslı təhqiqat aparılır.///NOCOMMENT.az

