Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qlobal neft bazarındakı dəyişikliklər və geosiyasi gərginliklər fonunda ölkədə yanacaq qiymətlərinin artması nə dərəcədə real görünür?
Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, bir çox ölkələrdə yanacaq qiymətlərinin yüksəlməsi qlobal iqtisadiyyatda müşahidə olunan siyasi gərginliklərlə əlaqədardır.
“Dünyanın bir çox ölkəsində yanacaq qiymətlərinin bahalaşması qlobal iqtisadi və siyasi proseslərlə bağlıdır. Xüsusilə, ABŞ və Rusiya arasında mövcud olan gərginlik enerji daşıyıcılarının qiymətinə təsir edir.
Hazırda ölkədə yanacağın bahalaşacağını demək üçün əsaslı səbəb görünmür. Azərbaycanda valyuta məzənnəsi sabit saxlanılır və bu da qiymətlərin qorunmasına müsbət təsir göstərir. Digər tərəfdən, yanacaq tarifləri Tarif Şurasının qərarları ilə tənzimlənir”, – deyə o, vurğulayıb.
Günay Hüseynovanın sözlərinə görə, gələcəkdə sektorun inkişafı və ya bu sahədə hər hansı təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi zərurəti yaranarsa, qiymətlərə yenidən baxılması mümkündür.
Beləliklə, qlobal bazarlarda yanacağın bahalaşmasına baxmayaraq, hazırkı şəraitdə Azərbaycanda benzinin qiymətinin artacağı ilə bağlı ciddi risklər müşahidə olunmur. Bununla belə, qiymət siyasətinin gələcək istiqaməti həm beynəlxalq enerji bazarlarındakı vəziyyətdən, həm də ölkədaxili tənzimləmə qərarlarından asılı olacaq.

