Smartfon dünyasında yeni mərhələ: Apple ilk qatlanan “iPhone” modelinin istehsalına başlayır.
Sfera.az bildirir ki, texnologiya dünyasında aylardır müzakirə edilən ziddiyyətli şayiələrə son qoyulub.
ABŞ-nin texnologiya nəhəngi “Apple”, qatlanan ekranlı ilk flaqman modeli — “iPhone Ultra” (bəzi mənbələrdə “iPhone Fold”) üçün yaşıl işıq yandırıb. Cihazın texniki problemlərə görə təxirə salındığını iddia edən xəbərlərdən sonra, Cənubi Koreya və Tayvanın tədarük zənciri kanallarından gələn son hesabatlar bütün bu iddialara nöqtə qoyub.
Məlumata görə, smartfonun yekun texniki göstəriciləri artıq dəqiqləşib və iyul ayının sonunda kütləvi istehsala başlanılacaq. “Apple”ın bu tarixi addımına dair sızan mühüm detallar isə aşağıdakılardır:
Birləşdirici mexanizm (şarnir) problemi tamamilə aradan qaldırılıb
Layihənin dondurulacağı şayiələrinə səbəb olan əsas amil qatlama mexanizminin ürəyi sayılan şarnir sistemi (telefonun ortasındakı açılıb-bağlanan mexanizm) idi. Tədarük zəncirindən sızan məlumatlara görə, prototiplər üzərində aparılan milyonlarla qatlama sınaqlarından sonra bu mexanizmdə ciddi qüsurlar aşkarlanmışdı. Telefon açılıb-bağlanarkən həmin hissədən yüngül “səslər və cırtıltılar” gəlirdi. Üstəlik, zavod istehsalı zamanı dözümlülük normaları pozulduğu üçün qüsurlu parçaların sayı “Apple”ın yüksək keyfiyyət standartlarından çox idi.
Lakin şirkət bu problemi kökündən həll edib. Tayvanın “Shin Zu Shing” və ABŞ-nin “Amphenol” firmaları tərəfindən 3D çap texnologiyası ilə istehsal olunan qabaqcıl şarnir modulları sayəsində bütün cırtıltılar və mexaniki qüsurlar böyük ölçüdə aradan qaldırılıb. Bununla da cihaz kütləvi istehsala tam hazır vəziyyətə gətirilib.


