AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlunun faciəvi ölümündən əvvəl yaşanan son anlarla bağlı duyğulandıran təfərrüatlar məlum olub.
Yeniera.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Məqsəd Məmmədli hadisədən bir gün əvvəl dostlarının yanına görüşə gedib. Görüş zamanı o, dostlarına dənizə girib bir qədər sərinləmək istədiyini deyib.
Dostları isə ona suya girməməyi tövsiyə edərək, ehtiyatlı olmasını istəyiblər. Lakin Məqsəd Məmmədli sonda suya girib. Bir müddət sonra isə faciə baş verib və o, dənizdə batıb.
Məqsədin ölümündən cəmi bir gün əvvəl keçmiş iş yoldaşı ilə də görüşdüyü bildirilir. Həmin görüş zamanı o, öz qol saatını keçmiş həmkarına hədiyyə edib və birlikdə foto çəkdiriblər. Bu foto onun həyatının son günündən qalan son xatirələrdən biri olub.
Faciəni daha da ağırlaşdıran məqam isə Məqsəd Məmmədlinin ailəsinin ötən il də böyük itki ilə üzləşməsi olub. Bildirilir ki, onun azyaşlı övladı ötən ilin bu vaxtlarında baş verən avtomobil qəzasında həyatını itirib.
Beləliklə, övladını avtomobil qəzasında itirən Məqsəd Məmmədli bir il sonra özü də faciəli şəkildə dünyasını dəyişib.
Qeyd edək ki, Məmmədli Məqsəd Əlisahib oğlu AzTV-nin İnformasiya Proqramları studiyasında prodüser kimi çalışıb.
Allah rəhmət eləsin.

