ABŞ-nin Kaliforniya ştatında keçirilən “Sotheby”s hərracında tam elektriklə çalışan Ferrari avtomobili ilk dəfə satışa çıxarılıb.
Yeniera.az “Bloomberg”ə istinadən xəbər verir ki, avtomobil rekord qiymətə – 40 milyon dollara satılıb.
“Chassis 0” adlandırılan eksklüziv avtomobil 40 milyon dollara alınıb.
Bu məbləğ hərracda satılan yeni avtomobil üçün indiyədək qeydə alınan ən yüksək qiymət olub.
Dünyada yalnız bir ədəd olan avtomobil Ferrari-nin “Tailor Made” proqramı çərçivəsində “Apple” şirkətinin keçmiş baş dizayneri Coni Ayv tərəfindən yaradılan “LoveFrom” studiyası ilə birgə hazırlanıb. Dörd qapılı “Luce” 1000 at gücündən çox gücə malik elektrik mühərriki ilə təchiz edilib. Model Ferrari-nin daxiliyanma mühərriklərindən elektrik avtomobillərinə keçidini simvolizə edir.
“Luce”nin kuzovu işıqlandırmadan asılı olaraq yaşıldan bənövşəyiyə qədər rəngini dəyişən unikal mirvari piqmentli xüsusi yarımat “Madreperla” rənginə boyanıb. Avtomobilin salonunda “Perla” rəngli İsveçrə istehsalı “Le Mans” dərisindən istifadə olunub. İnteryerin bəzi elementləri isə ilk dəfə “Grigio Corvara” çalarına boyanıb.
Bundan əlavə, avtomobil üçün xüsusi hazırlanmış təkər diskləri, əyləc supportları və optik ağ fonda yerləşdirilən Ferrari loqosu diqqət çəkir.
Hərracdan əldə olunan vəsait təhsil layihələri ilə məşğul olan The Ferrari Foundation xeyriyyə fonduna köçürüləcək.
Alıcı avtomobili 2027-ci ilin birinci rübündə təhvil alacaq.
Musavat.com

