2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avqustun 25-dən sentyabrın 30-dək ölkənin beynəlxalq hava limanlarında viza ala bilərlər.
Yeniera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
“Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Xarici İşlər Nazirliyi viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, habelə “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin və səfirliklərin internet resurslarında yerləşdirilməsini təmin etməlidir.
Dövlət Miqrasiya Xidməti isə ölkəyə uçuşlar həyata keçirən aviasiya şirkətlərini viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandıracaq.

