ABŞ Dövlət Departamenti Ukraynaya 3350 ədəd ERAM tipli qanadlı raket və ona bağlı müxtəlif avadanlıqların satışına icazə verib.
Yeniera.az xəbər verir ki, bu barədə Müdafiə Əməkdaşlıq Agentliyi rəsmi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Ukrayna ERAM raketləri ilə yanaşı, eyni sayda GPS və dummy modullu INS naviqasiya sistemləri də tələb edib. Təchizat paketinə həmçinin konteynerli raketlər, onların asılması üçün dirəklər, komponentlər, dəstəkləyici texnika, ehtiyat hissələri, istehlak materialları və texniki xidmət, təmir, kadr hazırlığı və logistika xidmətləri də daxildir.
Satışın ümumi dəyəri 825 milyon dollar olaraq qiymətləndirilir. ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bu satış Ukraynanın özünümüdafiə qabiliyyətini gücləndirmək və regional təhlükəsizlik missiyalarında daha effektiv çıxış etmək imkanlarını artıracaq.
Məlumata görə, bu alış Danimarka, Hollandiya və Norveçin maliyyə dəstəyi, eləcə də ABŞ-ın xarici hərbi maliyyə proqramı hesabına həyata keçiriləcək.
Qeyd edək ki, ERAM raketləri həm quru, həm də dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulmuş uzun mənzilli hava-yer tipli silah sistemidir.
Gülnar Həmidova

