Avropa İttifaqı (Aİ) icmaya girişi qadağan edilmiş miqrantları geri qəbul etməkdən imtina edən üçüncü ölkələr üçün ticarət güzəştlərinin məhdudlaşdırılması təklifini təsdiqləyib.
Yeniera.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Aİ-nin qərarına istinadən məlumat yayıb.
“Benefisiar ölkələrin vətəndaşlarının readmissiyası ilə bağlı beynəlxalq öhdəliklərlə bağlı ciddi və sistematik pozuntular baş verdikdə, Komissiya readmissiya sahəsində əməkdaşlığın səviyyəsinin qeyri-kafi qaldığını hesab edərsə, həmin benefisiar ölkədə istehsal olunan bütün və ya bəzi mallar üçün güzəştli rejim müvəqqəti olaraq geri götürülə bilər”, – sənəddə deyilir.
Həmçinin qeyd edilib ki, Aİ-nin Ümumiləşdirilmiş Preferanslar Sxemi (GSP) çərçivəsində üçüncü ölkələrə verilən imtiyazlar benefisiar ölkələr öz vətəndaşlarının readmissiyasında Aİ ilə əməkdaşlıq etməzsə, ləğv ediləcək. Burada vurğulanır ki, üçüncü ölkə vətəndaşlarının readmissiyası ilə bağlı müddəaların hansı ciddiliklə tətbiq ediləcəyi ölkənin inkişaf səviyyəsindən asılı olacaq.
Bəzi Avropa ölkələri, o cümlədən Fransa və İtaliya bəzi Asiya ölkələrindən ucuz düyü tədarükünün kəsiləcəyindən ehtiyat edərək bu qərara qarşı çıxıblar. Bundan əlavə, bəzi ölkələr bu yanaşmanın əsas tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirə biləcəyindən narahat olduqlarını bildiriblər.
GSP inkişaf etməkdə olan ölkələrin Aİ-yə ixracını dəstəkləmək üçün Aİ-nin əsas ticarət siyasəti alətidir. GSP+ statusuna nail olmaqla, ölkə Avropa bazarına daxil olan 6000-dən çox növ mal üçün tariflərdən azad olur.
Yeganə

