Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti Latviya Respublikasına rəsmi səfəri başlayıb. Səfər çərçivəsində paytaxt Riqa şəhərində Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası (LİVA) rəhbərliyi ilə geniştərkibli ikitərəfli görüş keçirilib.

Görüşdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi sahəsində birgə layihələrin icrası və təcrübə mübadiləsinin aparılması məsələləri ətraflı müzakirə olunub.
Müzakirələr zamanı çıxış edən AQC İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, Latviya tərəfi ilə qurulan əməkdaşlıq milli qiymətləndirmə bazarının qloballaşması baxımından mühüm addımdır:

“Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası ilə formalaşan bu sıx tərəfdaşlıq Azərbaycanın qiymətləndirmə institutunun beynəlxalq əlaqələri baxımında əhəmiyyət kəsb edir. Birgə həyata keçirəcəyimiz layihələr, təlim proqramları və təcrübə mübadilələri hər iki ölkənin mütəxəssisləri üçün yeni və səmərəli imkanlar yaradacaqdır”.

Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyasının prezidenti Vilis Žuromskis AQC ilə əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırıb:

“Azərbaycan nümayəndə heyətini Riqada qəbul etməkdən məmnunuq. Biz regional və beynəlxalq səviyyədə qazandığımız çoxillik təcrübəni, o cümlədən Avropa standartlarının inteqrasiyası mexanizmlərini Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə bölüşməyə, tərəfdaşlıq əlaqələrimizi institusional səviyyədə daha da inkişaf etdirməyə tam hazırıq”.

Konstruktiv və səmimi mühitdə keçən görüşün sonunda tərəflər arasında qarşılıqlı əlaqələrin rəmzi olaraq xatirə hədiyyələri təqdim olunub, Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi şam yeməyi verilib.

Qeyd edək ki, AQC nümayəndə heyətinin Latviyaya rəsmi səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Exit mobile version