Ölkənin ən geniş mağazalar şəbəkələrindən biri olan “Araz Market”də illərdir davam edən və artıq xroniki xarakter alan “qiymət oyunu” yenidən gündəmdədir. İstehlakçıların haqlı narazılığına səbəb olan növbəti hadisə, vitrində cəlbedici endirim və ucuz qiymətlə təqdim olunan məhsulların kassa önündə qəfil “bahalaşması” ilə bağlıdır.
Belə ki, rəfdə üzərinə endirimə düşdüksən sonra 0.99 AZN yazılmış “Meçta xozayki” mayonezi kassada müştəriyə tam fərqli, özünün endirimsiz qiymətinə, yəni 1.69 AZN-ə satılması cəhdi ifşa olunub. Bu, sadə bir koordinasiya çatışmazlığı deyil; bu, hər gün minlərlə alıcının qəbzini yoxlamadan mağazanı tərk etdiyi bir sistemdə, səssizcə yığılan böyük və qanunsuz qazancın göstəricisidir.
Bir market şəbəkəsi üçün müştəri etibarı ən böyük kapital olmalıdır, lakin görünən odur ki, “Araz Market” üçün bir neçə qəpiklik kassa fərqi bu etibardan daha üstündür. Alıcının diqqəti sayəsində ortaya çıxan bu mənzərə, pərakəndə satış sektorunda dürüstlük prinsiplərinin necə ayaqlar altına atıldığını bir daha sübut edir.
NOCOMMENT.az-a məsələni şərh edən hüquqşünas Natiq Ələsgərov bildirib ki, bu cür hallar birbaşa istehlakçıların hüquqlarının pozulmasıdır və qanunvericiliklə ciddi məsuliyyət yaradır. Ekspert qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı malın qiyməti barədə düzgün məlumat verməyə borcludur. Əgər rəfdəki qiymət kassadakı qiymətdən fərqlidirsə, bu, alıcını aldatmaq hesab olunur və müştəri malı məhz rəfdə gördüyü aşağı qiymətə tələb etmək hüququna malikdir. Market rəhbərliyinin “qiymətlər yenilənməyib” bəhanəsi hüquqi baxımdan əsassızdır və inzibati xəta tərkibi yaradır.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da NOCOMMENT.az-a açıqlama verib. O bildirib ki, bu, Azərbaycanın pərakəndə satış sektorunda, xüsusən də “Araz Market” şəbəkələrində ən çox rast gəlinən mənfi hallardan biridir: “Bizə hər gün bu şəbəkə ilə bağlı onlarla şikayət daxil olur. Bu, açıq-aşkar istehlakçının cibinə girməkdir. Qanun deyir ki, rəfdəki qiymət ictimai ofertadır. Yəni market o qiyməti yazmaqla alıcıya həmin məbləğdə satmaq öhdəliyi götürür. Kassada fərqli qiymət çıxırsa, market dərhal fərqi müştəriyə qaytarmalıdır. Lakin çox vaxt işçilər müştəri ilə mübahisə edir, malı geri almağa çalışırlar. İstehlakçılara çağırış edirəm: belə hallarda geri çəkilməyin, malı rəfdəki qiymətə tələb edin və mütləq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi qaydada müraciət edin. Cərimələr ağırlaşdırılmasa, bu özbaşınalığın sonu gəlməyəcək.”

