Azərbaycan nümayəndələri Bəhreyn Krallığında keçirilən “Mara”ee 2025” festivalında Qarabağ atları ilə çıxış ediblər.
Bu barədə Yeniera.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb.
Tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edib. Təqdim olunan səhnə kompozisiyaları yüksək peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçıların böyük marağına səbəb olub. Çıxışlar vahid bədii konsepsiya əsasında qurulub, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əks etdirib.
Azərbaycan tərəfi festival çərçivəsində 8–13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib. Bu çıxışlar Azərbaycanın zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini və beynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir daha nümayiş etdirib.
Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnə proqramında Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Bu kollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumi konsepsiyasına xüsusi dinamika qatıb, Azərbaycan mədəniyyətinin intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını beynəlxalq auditoriyaya nümayiş etdirib.
Sonda Azərbaycan komandası iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

