“Azərbaycan və ABŞ arasındakı Strateji İşçi Qrupunun yaradılması təbii ki, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinə, xüsusən də, ticarət əlaqələrinin genişləndirilməsinə gətirib çıxaracaq”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanla ABŞ arasında milli ticarət dövriyyəsi 1.8 milyard dollardır, xüsusən də, əsas məqsədlərdən biri Azərbaycanın qeyri-neft məhsullarının ABŞ bazarına çıxarılmasıdır:
“Təbii ki, bu istiqamətdə həm strateji tərəfdaşlıq, həm də işçi qrupunun yaradılması və fəaliyyətə başlaması praktiki olaraq Azərbaycan üçün iqtisadi baxımdan yeni imkanlar yaradacaq. Digər tərəfdən isə bu, regionda sülhün dəstəklənməsi və davamlı sülhün əldə olunması baxımından vacibdir. Azərbaycan regionda sülh və əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Azərbaycan ərazisindən Ermənistana tranzit daşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması da bundan xəbər verir. Məlumdur ki, ABŞ sülh gündəliyində əsas vasitəçidir. Bu baxımdan İşçi Qrupunun yaradılması həm Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına, eyni zamanda növbəti mərhələdə iqtisadi əlaqələrin və kommunikasiyaların yenidən bərpasına gətirib çıxara bilər. Region üçün bu stabillik Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edəcək”.
Ariz Həsənoğlu

