“Bildiyimiz kimi, 44 günlük Vətən Müharibəsindən sonra Fransanın Azərbaycana qarşı yanaşması qəbuledilməz idi. Xüsusilə də sülh danışıqları zamanı Emmanuel Makronun və Fransa hökumətinin tutduğu mövqe əslində sülhün baş verməsinə xələl gətirirdi, eyni zamanda sülhün gecikməsinin əsas səbəblərindən biri də Makronun Ermənistanı süni cəsarətləndirməsi idi”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, bildirib ki, Fransa Azərbaycanın regionda və qlobal məkanda nüfuzunu nəzərə alaraq münasibətlərə yenidən baxmaq istəyir:
“Azərbaycan vaxtiylə Fransaya qarşı yanaşmasını dəyişmək məcburiyyətində qaldı və hətta Fransanı danışıqlar prosesindən kənarlaşdırmağa da nail oldu. Sülh danışıqları Fransa olmadan həyata keçirildi. Vaşinqton razılaşmalarından sonra reallıqlar müəyyən dərəcədə dəyişib və artıq sülhə maneçilik törədə biləcək qüvvələr anlayırlar ki, bu daha mümkün deyil. Xüsusən də Fransa Azərbaycanın regionda və qlobal məkanda tam nüfuzunu nəzərə alaraq münasibətlərə yenidən baxmaq istəyir. Bu xüsusdan da baxanda məhz Makronla cənab Prezidentin arasında keçirilən görüşü, bu görüşdən Fransa tərəfinin maraqları bundan ibarətdir”.
Deputat hesab edir ki, Azərbaycanla yaradılan gərginlik və uğursuz siyasəti məhz Makron hökuməti özü düzəltməlidir:
“Düşünürəm ki, Fransa Azərbaycana qarşı yeritdiyi uğursuz siyasətə yenidən baxmaq məcburiyyətindədir. Makronun, Fransa hökumətinin yaratdığı bu gərginlik və uğursuz siyasəti aradan qaldırmaq elə onların üzərinə düşür. Mən inanıram ki, bu görüşdən sonra Makron hökuməti, o cümlədən Fransa parlamentində Makronun tərəfdaşları bu cür yanlış siyasətlərinə son qoyacaqlar və əgər onlar özləri etiraf edərlərsə, öz yanaşmalarında köklü dəyişikliklər edərlərsə, bu əlaqələrin inkişafında irəliləyiş görə biləcəyik”.
Mikayıl Mirzəzadə

