Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında qalmaqalların səngimədiyi bildirilir. Planlaşdırılan yeni kadr dəyişiklikləri isə müəssisə daxilində ciddi narazılıq yaradıb.

Məlumata görə, direktor Hikmət Hüseynovun rəhbərlik etdiyi qurumda yaxın günlərdə geniş kadr dəyişikliklərinə start veriləcək. Bu dəyişikliklər çərçivəsində vaxtilə müxtəlif səbəblərlə işdən uzaqlaşdırılmış şəxslərin yenidən vəzifəyə qaytarılması gözlənilir.

Qeyd olunur ki, yenidən vəzifəyə gətiriləcəyi deyilən şəxslər arasında korrupsiya faktına görə barəsində cinayət işi açılmış keçmiş direktor Çərkəz Şirinov və dövlətə məxsus 26 min manatlıq buğda məhsulunun mənimsənilməsi səbəbi ilə işdən çıxarılan Mirağa Kazımovun da adları çəkilir. Bildirilir ki, Çərkəz Şirinovun “Azəraqrar”ın Şərqi Zəngəzur Regional İdarəsində, Mirağa Kazımovun isə Mərkəzi Aran Regional İdarəsində rəis müavini vəzifəsinə təyin olunması nəzərdə tutulur.

İddialara görə, bu prosesə qurumun direktor müavinləri Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanov rəhbərlik edir. Onların kadr məsələlərində əsas söz sahibinə çevrildiyi də vurğulanır.

Bir müddət əvvəl mediada yayılan məlumatlarda Həsən Abdullayev və Fəxrəddin Qəhrəmanovun direktor Hikmət Hüseynov üzərində təsir imkanlarının geniş olduğu qeyd edilirdi. Bildirilirdi ki, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazir Məcnun Məmmədovla hərbi xidmətdən qalan əlaqələrinə güvənərək rəhbərlik daxilində təsir imkanlarını artırmağa çalışırlar.

Son məlumatlara görə, adı çəkilən şəxslərlə vəzifə ilə bağlı ilkin danışıq və razılaşmaları da əsasən direktor müavini Həsən Abdullayev aparır. Bu vəziyyət isə qurum daxilində narahatlıq və suallar doğurur.

Yazıda adı çəkilən qurum və şəxslərin mövqeyini yayınlaya bilərik.

Yenicag.az

Exit mobile version