Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilib.
YENİERA.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməlidir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, Fərman martın 6-da imzalanıb və qüvvəyə minib.
Xatırladaq ki, Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ali Məclisin sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə 27 aprel 2018-ci ildə yaradılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun müvafiq Fərmanı ilə 2 may 2023-cü ildə Naxçıvan İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Məlumat üçün bildirək ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun eyni tarixli digər Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs də ləğv edilib.

