Ukraynanın “Ukrzaliznıtsya” dəmir yolu şirkəti avropalı siyasətçiləri və təhlükəsizlik üzrə müşavirləri daşıyan diplomatik qatarın Rusiya dronunun başqa bir qatarın lokomotivinə zərbə endirməsindən az əvvəl Polşa sərhədindəki Yahodın stansiyasından keçdiyini təsdiqləyib.
Şirkətdən bildirilib ki, hücumdan əvvəl stansiyada bir neçə Aİ ölkəsinin təhlükəsizlik üzrə müşavirlərinin, keçmiş avropalı liderlərin, o cümlədən Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun olduğu diplomatik qatar dayanmışdı.
Yeniera.az xəbər verir ki, “Ukrzaliznıtsya”nın bəyanatında deyilir:
“Hücum anında Yahodın stansiyasında olan digər qatarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus da olub”.
Şirkətin məlumatına görə, Ukrayna-Polşa sərhədində lokomotivə hücum edən dron Mərkəzi Monitorinq Qrupunun dispetçeri tərəfindən aşkar edilib. Qatardan təxliyə siqnalı pilotsuz uçuş aparatının (PUA) lokomotivə çırpılmasından təxminən 15 dəqiqə əvvəl verilib.
“Ukrzaliznıtsya” ehtimal edir ki, Rusiya dronunun hədəfi diplomatik qatar da ola bilərdi. Lakin Rusiya zərbələrinin davamlı təhlükəsi fonunda qatarın hərəkət cədvəlinə real vaxt rejimində düzəliş edildiyi üçün o, stansiyanı nəzərdə tutulandan daha tez tərk edib.
Qeyd edək ki, Almaniya kantsleri Fridrix Mersin müşaviri Günter Zautter, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və digər avropalı siyasətçilərin olduğu Kiyev-Polşa qatarı digər qatara edilən PUA hücumu səbəbindən Polşa sərhədində təxliyə olunub.
Bu barədə “Spiegel” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniya Kantsleri Dəftərxanasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri şənbəyə keçən gecə qatarla Kiyevdən Polşaya yollanıb. Səhər saat 05:00 radələrində qatar Polşa sərhədi yaxınlığında dayanıb, bundan sonra sərhədyanı bölgəyə endirilən dron zərbələri səbəbindən sərnişinlərin bir hissəsi təxliyə edilib.
Təhlükəsizlik tədbirlərinin görülməsinə eyni dəmir yolu xəttində baş verən insident səbəb olub. Səhər erkən saatlarda Polşa sərhədi yaxınlığında PUA Kiyev–Varşava xəttinin bir hissəsinə hücum edib. Operatorun bildirdiyinə görə, qatarın lokomotivi vurulsa da, xəsarət alan olmayıb.
Zautter Kiyevdə Böyük Britaniya, Fransa və İtaliyadan olan təhlükəsizlik müşavirləri, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski Administrasiyasının nümayəndələri ilə birgə olub. Onlar Rusiya ilə münaqışə üzrə olası sülh danışıqlarını müzakirə ediblər. Şənbə günü Zautter YES beynəlxalq təhlükəsizlik konfransında iştirak edib.
Qatarda Zautterlə yanaşı, digər Avropa hökumətlərinin təhlükəsizlik müşavirləri, Almaniya Bundesratının deputatları, diplomatlar və alimlər də olub. Boris Conson da konfransdan sonra bu xüsusi qatarla Polşaya qayıdırmış.
Bütün sərnişinlərin səhhəti yaxşıdır və xəsarət alan olmayıb. Dron həyəcanı səbəbindən qatar dayandıqdan dərhal sonra bələdçilər sərnişinləri oyadaraq təxliyəni təşkil ediblər. Daha sonra yeni dronlar aşkar edilmədiyi üçün həyəcan siqnalının ləğv olunduğu bildirilib.
Qatarın göyərtəsində Almaniya Bundesratının “Yaşıllar” partiyasından olan deputatı Robin Vaqener də olub. O, baş verənlərə qəzəbini ifadə edərək dron hücumlarını “Ukrayna mülki əhalisinə qarşı kor-koranə terror və Rusiya Prezidenti Vladimir Putinin müharibəni təhlükəli şəkildə eskalasiya etməsi” kimi qiymətləndirib.
Deputat bu hücumları Ukraynanı dəstəkləyənlərə qarşı təxribat adlandırıb:
“Rusiya getdikcə daha prinsipsiz davranır və birbaşa Avropa İttifaqı və NATO sərhədində odla oynayır; biz nəhayət bu terrora aydın şəkildə son qoymalıyıq”, – deyə Vaqener tələb edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Ukrayna-Polşa sərhədindəki “Yahodın” sərhəd-keçid məntəqəsi ərazisinə zərbə endirib.
Musavat.com
