“Prezident İlham Əliyevin Misirə səfəri indiki məqamda mühüm əhəmiyyət kəsb edir. Səfər Misir prezidentinin dəvəti ilə baş tutub. Misirin əsas turizm mərkəzi sayılan Şarm-əl-Şeyxdə Qəzzadakı gərginliyin sonlanması üçün sammit keçirildi və burada mühüm qərarlar qəbul edildi”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev Prezident İlham Əliyevin Misirə səfər etməsindən danışarkən deyib.
Onun fikrincə, Azərbaycanın bu sammitə dəvət edilməsinin bir neçə vacib səbəbləri var:

“Azərbaycanın bu tədbirə dəvət edilməsinin bir çox səbəbi var. Birincisi, Azərbaycan müsəlman ölkəsidir və Şərq coğrafiyasına daha yaxındır. Bundan əlavə, Azərbaycanın mövqeyi həmişə beynəlxalq hüquq konspektində olub. Rəsmi Bakı beynəlxalq hüququn prinsipləri və normalarını dəstəkləyib. Bu, Bakının birinci və praqmatik baxışı, məsələlərə realistik yanaşması ilə bağlıdır. İkinci təsir edən fakt odur ki, Azərbaycan yaxın tarixdə münaqişə həll edə bilən nadir ölkələrdən sayılır. Bu da onu təcrübə baxımından cəlb edir. Üçüncüsü, burada şəxs önəm daşıyır. Cənab İlham Əliyevin diplomatiya sahəsində vizyonu, sərgilədiyi mövqe, praqmatik siyasəti, ən önəmlisi Trampla münasibətlərin pozitiv olması bu məsələdə Azərbaycan Prezidentini vacib faktor olmağa gətirir. Nəhayət, Azərbaycanın son bir il ərzində Yaxın Şərqi əhatə edən problemlərə yanaşması, istiqaməti çox açıqlanmasa belə, qeyri-rəsmi görüşlərin məhz Azərbaycanda keçirilməsi, habelə Azərbaycanın vasitəçiliyi ilə keçirilməsi buna əsas verir. İsrail-Suriya danışıqları Azərbaycanda həyata keçirilib. Türkiyə ilə İsrail arasında da danışıqlar baş tutdu. Hətta bir dönəm Azərbaycan İsraillə Türkiyəni barışdırırdı, çox az qalmışdı, amma sonradan proseslər dəyişdi. Bir müddət öncə yenə İran-israil danışıqları da qeyri-rəsmi formatda Azərbaycan vasitəçiliyi ilə reallaşırdı”.
Politoloq İlham Əliyevin Misirə səfərini diplomatiya tarixində çox mühüm görüş olduğunu hesab edir:
“Azərbaycanın indiki məqamda həm Ərəb-İsrail münasibətlərində, həm Müsəlman ölkələri ilə İsrail arasındakı münasibətlərdə, Türk ölkələri ilə münasibətlərin formalaşması baxımından çox əhəmiyyətli ölkə rolunu oynayır. Azərbaycan Prezidentinin istər Qərb liderləri, istər Müsəlman, istərsə də Türk ölkələri arasında nüfuzu ABŞ-nin diqqətindən yayınmır. Ona görə də cənab Prezident burada bütün istiqamətlərə nüfuz edə bilən lider obrazıdır. Buna görə mən bu səfəri diplomatiya tarixində çox mühüm görüş hesab edirəm. Düşünürəm ki, bu dəvət ölkəmizin başçısına verilən yüksək qiymətin real göstəricisidir”.
Mikayıl Mirzəzadə

