Çin ABŞ ilə ticarət danışıqları fonunda Amerika iqtisadiyyatına 1 trilyon dollar dəyərində investisiya yatırmağı təklif edib.
Pekin bunun qarşılığında Çin şirkətlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını şərt kimi qoyub.
Bəs, Çinin bu təklifinin altında duran səbəblər nədir?
ABŞ-Çin iqtisadi əməkdaşlığı həqiqətən mümkün ola bilərmi?
Məsələ ilə bağlı Yeniera.az-a iqtisadçı Xalid Kərimli açıqlama verib.
O bildirib ki, Çin həmişə ABŞ şirkətlərinə maraq göstərib:

“Məsələ ondan ibarətdir ki, Çin şirkətləri zatən ABŞ şirkətlərinə, eləcə də bu ölkənin qiymətli kağızlarında maraqlıdır. Çin xarici ticarətdə prosiftə malikdir. Yəni Çin aldığından çox satır. Bu da Çində valyuta ehtiyatlarının formalaşmasına gətirib çıxarır. Toplanan vəsaitləri də yatırım edirlər”.
İqtisadçı qeyd edib ki, Çin artıq vəsaitini yatırım etmək üçün ən ideal ticari bazar kimi Amerikanı görür:
“Burada ən yaxşı istiqamət Çinin öz şirkətləridir. Lakin alternativlər də var. Amerika bazarı bu alternativlər arasında ən yaxşılardandır. Çin münasibətləri yaxşılaşdırmaq istəyir, eyni zamanda əlindəki artıq pulu yerləşdirmək istəyir, üstəlik bunu da Amerika bazarına çıxış imkanı kimi dəyərləndirir. Bu şirkətlər Amerika şirkətlərinə yatırım edəcək və avtomatik olaraq Çin Amerika şirkətlərinin texnologiyasına çıxış əldə edəcək, münasibətlərin yaxşılaşmasında mühüm rol oynayacaq”.
Ekspert əlavə edib ki, Çin hazırda bu addımla “bir güllə ilə beş quş vurur”:
“Nəticə etibarilə, Çin bu addımla “bir güllə ilə beş quş vurur”. Ölkə həm Amerika texnologiyalarını əldə etmək, həm bazara girmək, ABŞ şirkətləri ilə münasibətləri düzəltmək, bu ölkə ilə ticari müharibəni yumşaltmaq istəyir. Bütün bu sadalananları əlavə resursları yerləşdirmə fonunda edir”.
Mikayıl Mirzəzadə

