Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin avqust ayı üzrə hesabladığı daşınmaz əmlak indekslərinə görə, bazarda ayrı-ayrı seqmentlərdə fərqli dinamika formalaşıb.

Belə ki, avqustda mənzil satışında əsasən sabitlik və zəif korreksiya, kirayə bazarında seçici artım, torpaq və fərdi yaşayış evləri seqmentlərində qiymətlərin nisbətən sabit qalması, kommersiya daşınmaz əmlakında isə əvvəlki aylardakı enişdən sonra balanslaşma meyli müşahidə olunub.

AQP-nin qiymətləndirməsinə əsasən, avqust göstəriciləri daşınmaz əmlak bazarında vahid yüksəliş və ya eniş trendinin olmadığını göstərir. Seqmentlər üzrə qiymət davranışı fərqlənir və bazarda qiymətlərin formalaşmasında lokasiya, sahə, sənədləşmə, təmir vəziyyəti və likvidlik kimi amillərin rolu artır. Tikinti xərclərinin artması yeni tikililərdə qiymətlərin aşağı istiqamətdə dəyişmə imkanını müəyyən qədər məhdudlaşdırır. Bu səbəbdən yaxın dövrdə yeni tikili mənzillərdə kəskin ucuzlaşmadan daha çox qiymətlərin sabitləşməsi və ayrı-ayrı layihələr üzrə fərqli dinamikanın formalaşması ehtimalı yüksəkdir.

AQP-nin qənaətinə görə, 2026-cı ilin payız aylarında daşınmaz əmlak bazarında əsas göstəricilərdən biri qiymət dəyişməsindən daha çox likvidlik olacaq. Bazar şərtlərinə uyğun qiymət müəyyən edən satıcıların obyektlərini daha qısa müddətdə reallaşdırması, yüksək qiymət gözləntisi ilə bazara çıxarılan əmlakların isə daha uzun müddət satışda qalması gözlənilir.

Daşınmaz əmlak və qiymətləndirmə üzrə ekspert Ramil Osmanlı Musavat.com-a bildirib ki, tələbə axını ilə əlaqədar olaraq tələbat artıb: “Ucuz mənzillər üzrə təkliflər aşağıdır. Bu isə qiymət artımını şərtləndirən amilə çevrilib. Son iki həftə ərzində kirayə mənzil bazarında 10 faizdən artıq qiymət artımı müşahidə edirik. Artım dinamikası davam edir. Ümumiyyətlə, bu, son bir neçə ildə davam edən bir sıra hüquqi, konseptual proqramların nəticəsi kimi də qiymətləndirilə bilər. Şəhərsalma prosesi sürətləndikcə, köhnə yaşayış fondları sıradan çıxdıqca onun yerində yeni və bahalı mənzil fondu yaranır. Bir tərəfdən də ucuz mənzillər üzrə təkliflər portfeli məhdudlaşır. Belə olan şəraitdə göstəricilərdə qiymət artımı müşahidə olunur. Qiymət artımı qısamüddətli dövrü əhatə edir. Hesab edirəm ki, kirayə mənzil bazarında aktiv qiymət artımı oktyabrın əvvəllərində başa çatacaq. Amma bu o demək deyil ki, artım dinamikası aşağı düşəcək”.

Ekspert qeyd edib ki, satış qiymətlərində ciddi artım müşahidə olunmur: “2026-cı il mənzil bazarında passiv dövr kimi xarakterizə olunur. Passivlik fonunda azalma müşahidə olunmalı idi. Sadəcə bazardakı ümumi tendensiya daha çox yeni tikililərdən formalaşdığı üçün mənzil inhisarçıları qiymət azalmasının qarşısını alır. Nəticədə biz mənzil bazarında stabil dövr müşahidə edirik. İpotekaya yararlı olan istiqamətlərdə nisbi qiymət artımı müşahidə olunur, amma bunu ümumi mənzil bazarı üzrə qiymət artımı kimi xarakterizə oluna bilməz”.

Nigar Həsənli
Musavat.com

Exit mobile version