Kəlbəcər rayon sakini Ağayev Ağaverdi “Amazon” şirkətindəki qanunsuzluqlar və işdən çıxarılması ilə bağlı NOCOMMENT.az-a şikayət ünvanlayıb.
Onun sözlərinə görə, Zar kəndində fəaliyyət göstərən “Amazon” şirkətində iş saatlarının normadan artıq olması və yeməklərin keyfiyyətsizliyi barədə rəhbərliyə məlumat verdikdən dərhal sonra – iyunun 2-də beş nəfər yoldaşı ilə birlikdə işdən azad ediliblər: “Orada iş saatlarımızın artıq olmasını və yeməyimizin yaxşı olmadığını müdiriyyətə bildirdikdə, bizi iyun ayının ikisi işdən çıxartdılar”.
Şikayətçi qeyd edib ki, aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq heç bir nəticə əldə olunmayıb və artıq bir aydan çoxdur işsiz qalıblar: “Bu müraciətimizi aidiyyəti orqanlara ünvanladıq və heç bir aidiyyəti orqan bizim şikayətimizə baxmadı. Bir ay on gündür biz işsiz qalmışıq”.
A.Ağaverdi şirkətdəki özbaşınalıqlardan bəhs edərək İldırım və Tahir adlı şəxslərin fəhlələrə qarşı təzyiqlərindən danışıb: “Orada İldırım müəllim və onun işçisi Tahir müəllim özbaşınalıq edir, fəhlələrə zülm verirlər. Orada camaatı çox incidirlər, heç kimi saymırlar, deyirlər: “Biz beləyik, xoşunuza gəlirsə, işləyin, xoşunuza gəlmirsə, işləməyin”. Əgər səni işdən çıxarırsa, orada yaxın qohumlarını da – istər əmin, istər əmioğlun, istərsə də qardaşın olsun – işdən çıxarmaqla təhdid edir. Orada heç kim qorxudan səsini çıxara bilmir”.
Sonda şikayətçi cənab Prezidentə müraciət edərək onların işə bərpa olunmasını və mövcud qanunsuzluqlara son qoyulmasını xahiş edib: “Biz cənab Prezidentimizdən çox-çox xahiş edirik ki, göstəriş versin, bizi işlə təmin etsinlər və oradakı özbaşınalığa son qoysunlar”.
Qeyd edək ki, “Amazon” şirkəti Milli Məclisin deputatı Anar Məmmədova məxsusdur. O, deputat seçildikdən sonra həmin şirkəti rəsmi sənədlərdə Əbülfət adlı şəxsə ötürüb.

