Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən tanınmış tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Yeniera.az xəbər verir ki, “TikTok” platformasında “ehdiparfum” ləqəbi ilə tanınan Əhdiman Osmanovun sentyabrın əvvəlində intim və pornoqrafik xarakterli nalayiq videoları sosial şəbəkələrdə yayılmışdı. Görüntülər cəmiyyətdə ciddi rezonans doğurduqdan sonra hüquq-mühafizə qurumları dərhal hərəkətə keçərək araşdırma başladıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində Əhdiman Osmanov və onun tanışı Həsən Əliyev saxlanılaraq istintaqa cəlb olunublar, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Məsələnin hüquqi tərəfləri və həmkarını gözləyən cəza tədbirləri ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, bu cür əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, nümayiş etdirmə, satma) maddəsi ilə tənzimlənir:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən, pornoqrafik materialların qanunsuz yayılması, nümayiş etdirilməsi və ya satılması cinayət məsuliyyəti yaradır. Bu əməli törədən şəxsləri üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər istintaq zamanı əməlin ağırlaşdırıcı halları aşkar olunarsa, məhkəmə tərəfindən daha sərt sanksiyalar da tətbiq edilə bilər.”
