“Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlunun 2019-cu ildə “Azloqos.eu” saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə verdiyi geniş müsahibəsi yenidən aktuallaşıb.
Yeniera.az Demokrat.az-a istinadən xəbər verir ki, Rauf Arifoğlu sözügedən müsahibəsində keçmiş siyasi əqidə yoldaşları ilə yanaşı, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı da sərt ittihamlar səsləndirib.
Rauf Arifoğlu müsahibəsində bildirib ki, vaxtilə Əli Kərimli onu Ramiz Mehdiyevlə görüşdürməyi xahiş edib:
“Sizə bir əhvalat da danışım. Barışandan sonra ikinci görüşümüz restoranda baş tutdu. Mənə orda pıçıltı ilə dedi ki, “məni filankəslərlə görüşdür”. Dedim “deyəsən qəzetlərdə yazılanlara inanırsan. Mənim onlarla heç bir əlaqəm yoxdur”. Necə heyrətləndiyimi, bozardığımı gördü. Onda mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara çıxış əldə etmək imiş. Əli Kərimli yenidən sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir. Əli Kərimli Ramil Usubov və Ramiz Mehdiyevi deyirdi.
O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var. Mən də dedim ki, qəzetlərdə yazılanlar yalandır. Özü də gördü ki, çox pis oldum. Tez söhbəti fırlatdı və dedi ki, sən məni düz başa düşmədin. Məni onlarla görüşdür, onları öz tərəfimizə çəkim. Məndə bir sıra arqumentlər var, onları sadalasam, razılaşacaqlar…”.
Daha sonra Rauf Arifoğlu müsahibəsində Əli Kərimlinin hakimiyyətin hansısa cinahından dəstək almasını da istisna etməyib:
“Bilmirəm, o zaman nələrsə dedi, indi dəqiq ifadə edə bilmərəm. Amma söylədikləri gerçək düşüncəsi deyildi… Bəlkə hansısa bir cinahın var, ya da keçmişdən kimlərsə var ki, Əli Kərimli onlardan dəstək alır. Amma onlar da hakimiyyətin qorunması adına yox, başqa niyyətlərlə onunla yaxınlıq edirlər”.

