“Ermənistanda vətəndaşlar demokratiya baxımından Stalin-Brejnev modeli ilə yaşayır”.
Yeniera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən Ermənistan Demokratiya Forumunda panel müzakirədə iştirak edərkən deyib.
O bildirib ki, Ermənistanda demokratiyanın daşıyıcısı hakimiyyətdir:
“Ermənistanda lider, demokratiyanın müdafiəçisi və demokratik dəyərlərin daşıyıcısı kimdir? Hazırda müstəsna vəziyyət yaranıb. Bu dəyərlərin daşıyıcısı indiki hakimiyyətdir. Bu gün Ermənistanda demokratiyanın liderləri hökumət və vətəndaş cəmiyyətləridir”.
Baş nazir qeyd edib ki, son vaxtlar ölkədə demokratiya üçün daha geniş fürsət yaranıb:
“Biz bu fürsətdən yararlanırıq. İstəyirik ki, bütün məsələlər müzakirə olunsun. Məsələlər qaldırılmalıdır. Biz hamımız Stalinin, Xruşşovun, Brejnevin vətənpərvərliyi ilə, Stalindən nümunə götürülmüş dünyagörüşü ilə yaşayırıq”, – Paşinyan vurğulayıb.
Paşinyan hesab edir ki, Ermənistan demokratiyası mükəmməl ola bilməz:
“Axı biz Stalinin formalaşdırdığı prinsiplərlə düşünürük. Onun təlqin etdiyi ifadə və baxışlarla düşünürük. Bu gün demokratiyanın müdafiəsi yoxdur”, – Ermənistanın baş naziri fikirlərini yekunlaşdırıb.

