Evlili insanlar subaylara nisbətən öz fiziki və psixoloji vəziyyətlərini daha yaxşı qiymətləndirirlər.
Yeniera.az bu barədə xarici araşdırmalara istinadla xəbər verir. Araşdırma beynəlxalq alimlər qrupunun iştirakı ilə aparılıb.
Mütəxəssislər ABŞ-də keçirilən Midlife in the U.S. (MIDUS) və Yaponiyada keçirilən Midlife in Japan (MIDJA) adlı iki milli tədqiqatın məlumatlarını təhlil ediblər. Ümumilikdə 30 yaşdan yuxarı 4746 nəfər respondent araşdırmaya cəlb olunub. Nümunəyə yalnız “evli” və “heç vaxt evli olmamış” şəxslər daxil edilib, vətəndaş və ya romantik münasibətdə olanlar isə istisna olunub.
Tədqiqatın birinci mərhələsində iştirakçılar ailə dəstəyi və münasibətlərdəki gərginlik səviyyəsini qiymətləndiriblər. Bir neçə il sonra keçirilən ikinci mərhələdə isə onlar sağlamlıq vəziyyətləri və həyat məmnuniyyəti barədə məlumat veriblər.
Nəticələr göstərib ki, həm ABŞ-də, həm də Yaponiyada subay iştirakçılar evlilərlə müqayisədə daha aşağı səviyyədə sağlamlıq və həyat məmnuniyyəti nümayiş etdiriblər. Bu nəticələr əvvəlki tədqiqatların qənaətləri ilə uyğun gəlir, evlilik, adətən, daha yüksək rifah səviyyəsi ilə əlaqələndirilir.
Tədqiqatın müəllifi, Sinqapur İdarəetmə Universitetinin alimi Lester Sim bildirib ki, sosial normalar hələ də evlilik və tənha həyatın cəmiyyətdəki qəbuluna güclü təsir göstərir:
“Həm ABŞ-də, həm də Yaponiyada subay iştirakçılar daha az ailə dəstəyi və daha çox münasibət gərginliyi səbəbindən özlərini daha az xoşbəxt hiss edirdilər. Obyektiv olaraq tək yaşamaq getdikcə daha çox yayılır, lakin bu, hələ də sosial və emosional baxımdan müəyyən çətinliklər yaradır,” – deyə alim qeyd edib.

