Finlandiyanın Rusiyaya yaxın sərhədində yerləşən Mikkeli şəhərində 3 oktyabr tarixində Şimal Avropasında NATO-nun quru qoşunları üçün rəsmi qərargah fəaliyyətə başlayıb.
Yeniera.az xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.
Finlandiya müdafiə naziri Antti Hakkyanen bildirib ki, məqsəd NATO-nun Şimal Avropa ölkələrində quru müdafiəsində güclü mövqe tutması və Finlandiyanın mövqeyinin tam nəzərə alınmasıdır.
Qərargahın əsas vəzifələrinə Şimal Atlantika Alyansı ölkələrinin birgə təlimlərinin hazırlanması və keçirilməsi, eləcə də NATO iştirakçılarının regiondakı fəaliyyətlərinin koordinasiyası daxildir. Müharibə başlasa, bu hərbi orqan Şimal Avropada alyans qoşunlarının komandanlığını həyata keçirəcək.
Qərargah nisbətən kiçik heyətlə fəaliyyət göstərəcək və onu norveçli zabit Uve Staurset və fin general-leytenantı Pasi Vyalimyaki idarə edəcək. Ümumilikdə burada təxminən 50 daimi əməkdaş çalışacaq.
Leyla Cəfərova

