Xəbər verdiyimiz kimi, “Avropa Siyasi Birliyi”nin 7-ci Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Fransa lideri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə dövlətimizin başçısını təbrik edib.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bəs, Azərbaycan və Fransa liderlərinin görüşü ölkəmiz üçün nə vəd edir? Gələcəkdə iki ölkə arasında hansı perspektivlər görə bilərik?
Məsələ ilə bağlı Yeniera.az-a Milli Məclisin deputatı Azər Badamov açıqlama verib.
O, açıqlamasında bildirib ki, Sammitdə dövlət başçısının ən diqqətçəkən görüşü məhz Makronla olan görüş idi:
“Avropa Siyasi Birliyi”nin 7-ci Sammiti çərçivəsində Azərbaycan Prezidentinin bir çox dünya liderləri ilə görüşləri və təmasları oldu. İstənilən təmas zamanı da Azərbaycan Liderinə göstərilən yüksək ehtiramın şahidi olduq. Şübhəsiz ki, görüşlərdən ən diqqətçəkən biri kimi Fransa Prezidenti Emmanuel Makron ilə olan görüş oldu. ATƏT-in Minsk Qrupunun buraxılması, Fransanın illərdir sərgilədiyi mövqe, nəhayət Vaşinqtonda imzalanan sənədlərdən sonra demək olar ki, hər kəsin fokusu bu görüşə yönəlmişdi”.
Deputat qeyd edib ki, Makronun sülh razılaşmasını dəstəkləyəcəyini dediyinin şahidi olduq:
“Görüşün müsbət keçdiyini demək qədər, həm də Azərbaycanın qətiyyətinin reallığı qəbul etdirməyə müvəffəq, qadir olduğunu demək lazımdı. Makronun, Fransanın bu prosesi dəstəkləyəcəyini dediyinin şahidi olduq. Regiona sülh gəlməlidir. İstər Fransanın, istərsə də ayrı-ayrı aktorların, maraq qruplarının əldə olunan razılaşmalara zərbə vurması, kölgə salması qəbul olunmazdır. Yaradılan reallıqlardan kənar bir reallıq mövcud deyil. Odur ki, Ermənistanı reallıqlardan uzaq bir yola salıb azdırmaq olmaz. Albaniyanın Baş naziri Edi Ramanın da ayaqüstü söhbət zamanı Makrona “Ancaq Ermənistan ilə maraqlanırsınız” deməsi də təsadüfi deyil. Bu ona sübutdur ki, Fransanın obyektivlikdən kənar, birtərəfli qaydada Ermənistanı dəstəkləməsini sadəcə biz görür və demirik. Bu faktı bütün liderlər görür və dilə də gətirirlər. Bundan əlavə, görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin indiki vəziyyəti və gələcək perspektivləri ətrafında müzakirənin aparılması da o deməkdir ki, Fransa-Azərbaycan münasibətlərində get-gedə istilik müşahidə olunacaq”.

