Xəbər verdiyimiz kimi, bir müddət öncə Goranboy rayon sakini olan Elsevər Əliyev rayon Məşğulluq Mərkəzinin əməkdaşı İqbal Teymuroğlundan şikayətçi olub
Məsələ ilə bağlı vətəndaş saytımıza müraciət etmişdi.
Onun iddialarını araşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinə sorğu göndərilib.
Yeniera.az xəbər verir ki, qurumdan Medialive.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Goranboy rayon sakini Əliyev Elsevər Mehman oğlunun iddiaları Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılıb və vətəndaşın dediyi fikirlər öz təsdiqini tapmayıb.
Qeyd edilib ki, Əliyev Elsevər Mehman oğlu “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 17.04.2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsistemində (ƏMAS) işsiz kimi qeydiyyata alınıb. Vətəndaş 11.02.2022-ci il tarixdə özünüməşğulluq proqramına “Avtotəmizləmə xidmətləri” zərfi üzrə müraciət edib və müvafiq qaydada növbəyə yazılıb. İlkin monitorinqdən keçdikdən sonra vətəndaş barəsində “Özünüməşğulluğun təşkili üçün şəraiti var” qərarı verilib. Daha sonra vətəndaşın əmək qabiliyyətsiz olduğu məlum olub və növbəlilikdən kənarlaşdırılıb. Vətəndaş yalnız yaşadığı ərazidə gözətçi işi ilə təmin olunmasını istədiyi üçün ona Goranboy rayon Peşə məktəbində və “MMED LİFE” MMC-də gözətçi işi təklif olunub. Lakin hər iki işəgötürən vətəndaşı işə götürməkdən imtina edib.
Bildiririk ki, vakant iş yerinə işçi qəbulu işəgötürənlərin səlahiyyətləri daxilindədir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək və əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. Vətəndaş ona təklif olunan peşə hazırlığı kursundan da imtina edib. Bununla belə, vətəndaşın məşğulluğunun təmin olunması üçün özünün də iştirakı ilə Goranboy şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri ilə ünvanlarında görüşlər keçirilib. Lakin bu müəssisələrdə də vətəndaşın istəyinə uyğun boş (vakant) iş yerləri olmayıb. Bununla belə, vətəndaşın istəyinə uyğun vakant iş yeri yarandığı təqdirdə qanunamüvafiq qaydada köməklik göstəriləcək.
Onu da qeyd edək ki, 02.10.2025-ci il tarixdə E.Əliyev atası Əliyev Mehman Qərib oğlu ilə birlikdə xidmət şöbəmizə yaxınlaşıb. Atası oğlunun əvəzinə özünün özünüməşğulluq proqramına cəlb olunmasını xahiş edib. Bununla əlaqədar olaraq Əliyev Mehman Qərib oğlu “Özünəxidmət avtoyuma” zərfi üzrə növbəyə yazılıb. Sonradan o, zərfi dəyişmək üçün müraciət edib və “Dönərxana” zərfi üzrə növbəyə yazılıb. Lakin ilkin monitorinq zamanı seçdiyi zərf üzrə kifayət qədər təcrübəsinin olmadığı müəyyən olunduğu üçün ona imtina verilib. E.Əliyevə bacarığına uyğun olaraq “Kişi bərbərxanası” zərfi üzrə özünüməşğulluq proqramına qoşulması təklif olunub. Bu təklifə hələ ki E.Əliyev tərəfindən cavab verilməyib.
Agentlik vətəndaşın Goranboy rayon Məşğulluq Mərkəzinin əməkdaşı tərəfindən kobudluğa məruz qalması ilə bağlı iddialarını da təkzib edib.
“Bu iddialar da tərəfimizdən araşdırılıb və həqiqəti əks etdirmədiyi məlum olub. Hətta bununla bağlı vətəndaşın özünə də bir neçə dəfə yazılı məlumat verilib.
***************
18.06.2026
Goranboy rayon sakini Elsevər Əliyev qarşılaşdığı problemlə əlaqədar rayon Məşğulluq Mərkəzinin əməkdaşı İqbal Teymuroğlundan şikayətçidir.
Yeniera.az xəbər verir ki, bu barədə sakin Medialive.az-a müraciət edib.
O, iddia edib ki, 2019-cu ildən etibarən işsiz kimi qeydiyyata alınıb, lakin bu müddət ərzində işlə təmin olunmayıb. Vətəndaş da yaranmış problemlə əlaqədar Goranboy Rayon Məşğulluq Mərkəzinin mütəxəssisi İqbal Teymuroğlu ilə əlaqə saxlayaraq ona bu məsələdə köməklik göstərilməsini xahiş edib. Lakin sözügedən idarənin əməkdaşı sakinlə kobud davranıb və “get kimə istəyirsən şikayət et” deyib.
Goranboy sakini əlavə edib ki, o, məhz həmin mərkəzdə məsələnin hansı mərhələdə olduğunu öyrənmək üçün “142” Çağrı Mərkəzinə zəng edib, ancaq bu zaman idarədə ona qarşı “çıx çöldə danış, burada danışma” tipli qeyri-etik ifadə işlədilib.
Şikayətçi vurğulayıb ki, o, dəfələrlə İqbal Teymuroğlu ilə bağlı Dövlət Məşğulluq Agentliyinə, Hesablama Palatasına, Auditorlar Palatasına müraciət etsə də, sözügedən məsələ öz həllini tapmayıb.
Narazı sakin iddia edir ki, İqbal Teymuroğlu indiyədək onun bütün şikayətlərini ört-basdır edib.
Haqqında iddialar yayılan İqbal Teymuroğlunun fotosunu da təqdim edirik:

E.Əliyev yuxarıda qeyd olunan halların araşdırılmasını, Goranboy rayonu Məşğulluq Mərkəzinin əməkdaşı İqbal Teymuroğlu barəsində müvafiq yoxlama aparılmasını və müraciətinə qanunvericiliyə uyğun şəkildə baxılmasını xahiş edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

