Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Respublikası Milli Assambleyasının elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman daimi komissiyasının sədri Sisak Qabrielyan və komitənin üzvləri ilə görüşüb.
Medialive Gürcüstan mediasına istinadən xəbər verir ki, görüşdə Gürcüstan və Ermənistanın qanunvericilik orqanları arasında səmərəli iş, eləcə də qarşılıqlı səfərlərin müsbət dinamikası qeyd edilib. İxtisaslaşmış komitələr arasında tez-tez mübadilələrin aparılmasının vacibliyi vurğulanıb.
Papuaşvili Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın beşinci “İpək Yolu” Tbilisi Forumunda iştirakını, həmçinin Milli Assambleyanın sədri Alen Simonyanın Gürcüstana işgüzar səfərini xüsusi qeyd edib.
Sisak Qabrielyan Şalva Papuaşvilini “Gürcü arzusu” partiyasının oktyabrda keçirilmiş yerli hakimiyyət seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. O, həmçinin müxtəlif beynəlxalq platformalarda Ermənistana göstərdiyi dəstəyə görə Gürcüstana təşəkkür edib.
Tərəflər Cənubi Qafqaz regionunda baş verənləri müzakirə ediblər. Regional sülhün regionun hər üç ölkəsinə əhəmiyyətli faydalar gətirəcəyi qeyd edilib. Şalva Papuaşvili Gürcüstanın hər zaman Ermənistan və Azərbaycan arasında münaqişənin həllinin tərəfdarı olduğunu bəyan edib və mövcud proseslərin regional inkişaf üçün yeni imkanlar açdığını vurğulayıb.

