Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair qaydalar dəyişdirilib.

Yeniera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında bildirilir.

Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, büdcədənkənar vəsaitləri yalnız həmin təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.

Bununla da büdcədənkənar vəsaitlərin sosial müdafiəyə yönəldilməsi ilə bağlı əvvəlki məhdudiyyət, yəni vəsaitlərin yalnız “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərə şamil edilməsi tələbi aradan qaldırılıb.

Bundan başqa, aidiyyəti təkliflərin hazırlanaraq Prezidentə təqdim edilməsi üçün nəzərdə tutulan müddət bir aydan üç aya qədər artırılıb.

Fərmanın müvafiq müddəalarının tətbiq tarixi də dəyişdirilib. Belə ki, əvvəl 2026-cı il sentyabrın 1-dən tətbiqi nəzərdə tutulan 1.1-ci və 1.3-cü bəndlər oktyabrın 10-dan tətbiq ediləcək.

Exit mobile version