“Azərbaycan Prezidentinin BMT-nin Baş Assambleyasındakı çıxışı doğrudan da çox məzmunlu çıxış oldu. Orada bütün dünyaya yönəlik çox ciddi siqnallar və mesajlar var idi. Azərbaycan rəhbərliyi BMT tribunasından hər zaman Ermənistan ilə Azərbaycan arasında olan münaqişədən, Qarabağın işğalından, dünyanın bu ədalətsizliyə dözməyindən, BMT-nin dörd qətnaməsinin yerinə yetirilməməsindən danışıb və Dünya Birliyini ədalətli olmağa dəvət edib”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O hesab edir ki, İlham Əliyevin çıxışı ordakı digər prezidentlərin nitqindən daha perspektivli və effektiv oldu:
“Hesab edirəm ki, İlham Əliyevin çıxışı ordakı digər prezidentlərdən fərqli olaraq ən perspektivli və effektiv çıxış idi. Çünki 30 illik işğalı yaşayan bir xalq prezidenti də həmişə danışıqlarda olub və dünyanın beynəlxalq ədalətə əməl etmədiyinin şahidi olmuşdu. Qanunlar kağız üzərində qalan bir məfhuma çevrilmişdi. Bütün bunlara rəğmən dünən Azərbaycan Prezidenti qeyd etdi ki, dünya daha ədalətli olmalı, ədalətli dünya modeli qurmağa çalışmalıdır. Heç kəsin hüququ pozulmamalıdır və heç kəs heç kəsin daxili işinə qarışmamalıdır”.
Deputat bildirib ki, Azərbaycan BMT-də bir daha öz həqiqətlərini demiş oldu:
“Mən düşünürəm ki, bu mesajlar verildi və lazımi insanlar o mesajları almış oldular. Bir daha Azərbaycan özünün haqiqətlərini demiş oldu. Əlavə olaraq orada bir vacib məqam da var idi ki, Prezident çıxışında dedi ki, biz öz müsbət təcrübəmizi bölüşə bilərik. Müsbət təcrübəni bölüşmək o demək deyil ki, Azərbaycan müharibə apardı, yeni silahlar aldı, güclü ordu qurdu ve onu düzgün yönəltdi ve bunun nəticəsində torpaqlarımızı azad etdi. Azərbaycan həm zəfər, həm də sülh qazandı. Bu baxımdan da bu sülhə gedən yol necə əldə edilə bilər? Bu bir vacib məqam oldu. Düşünürəm ki, doğrudan da bu gün Azərbaycan bir çox ölkələrə öz müsbət təcrübəsini bölüşə bilər ki, hansı məqamlardan, taktikalardan istifadə edilməlidir ki, beynəlxalq hüququ öz lehinə işlədə bilsin”.
Mikayıl Mirzəzadə

