İntellektual sistemlər (İS) sürətlə alqoritm əsaslı peşələri mənimsəyir və mütəxəssislərin proqnozuna görə, 2030-cu ilədək dünya əmək bazarının 9%-ni əhatə edərək 300 milyon peşəni insanlardan əvəz edəcək.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiyanın “Hi-Tech Anatomy” şirkətinin rəhbəri Sergey Juralyev açıqlama verib.
Juralyev bildirib ki, İS əsasən sadə alqoritmik işləri əvəz edəcək: “İntellektual sistemlər sadə alqoritmik əməliyyatları çox sürətlə yerinə yetirə bilir. Bu sahəyə mühasiblər, hüquqşünaslar, kassirlər, katiblər daxildir. Standart işlər çox tez İS-ə ötürüləcək”.
Ekspert əlavə edib ki, yaxın gələcəkdə sürücülük peşəsi də İS tərəfindən əvəzlənəcək, çünki pilotsuz avtomobillər artıq aktiv şəkildə yollara çıxarılır. Bu prosesin nəticəsində çox sayda insan işsiz qala bilər ki, bu da dünyanı ciddi sosial-iqtisadi dəyişikliklərin astanasına gətirir.
Juralyev vurğulayıb: “Sadə əməliyyatlar yoxa çıxacaq, kreativ işlər daha çox tələb olunacaq”.
Bundan əvvəl məlum olub ki, ABŞ şirkətləri artıq kollec və universitet məzunlarını başlanğıc səviyyəli işlərə işə götürməyi azaltmaqla, onları İS ilə əvəz etməyə başlayıblar. Bu isə gənc mütəxəssislər üçün uzun müddət kiçik əmək haqqı ilə iş təcrübəsi əldə etmək imkanı verən ənənəvi modeli sarsıda bilər.
Leyla Cəfərova

