CBS telekanalı İranın zərbələrindən sonra ABŞ hərbi bazalarında meydana gələn dağıntıların görüntülərini yayımlayıb. 

Yeniera.az xəbər verir ki, görüntüləri jurnalistlərə həmin hərbi bazalarda xidmət keçən hərbi qulluqçular ötürüb.

Kadrlarda vurulmuş binalar, aviasiya texnikası və infrastruktur obyektləri görünür. Belə ki, fotoşəkillərdə Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazasında vurulmuş “Boeing E-3 Sentry” kəşfiyyat təyyarəsi, Küveytdəki “Kemp-Byurinq” bazasında və digər obyektlərdə dağıdılmış kazarmalar və binaların qalıqları əks olunub. Fotoların nə vaxt çəkildiyi açıqlanmayıb.

“Bazalarımıza vurulan bu ciddi zərər Amerika ictimaiyyətinə açıqlanmır. Biz orada gözlərimiz bağlı şəkildə qalmışıq və zərbələr alırıq”, – hərbi qulluqçulardan biri bildirib.

Pentaqon isə görüntüləri hələ şərh etməyib.

Qeyd edək ki, ABŞ-nin hücumlarına cavab olaraq, İran bu ölkənin Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyadakı obyektlərinə zərbələr endirib. Pentaqonun bu həftə dərc etdiyi hesabatda münaqişə zamanı ABŞ-yə məxsus təxminən 60 təyyarə və helikopterin vurulduğu açıqlanıb. Həmin hərbi texnikanın dəyəri isə təxminən 3,7 milyard dollar olaraq qiymətləndirilir.



Exit mobile version