İsraildə “Qafqaz mafiyası”nın başçısı kimi tanınan kriminal avtoritet Yanis Yuşvayev güllələnərək öldürülüb.

Yeniera.az xəbər verir ki, bu barədə “Shot” məlumat yayıb.

45 yaşlı Rusiya əsilli Yuşvayevin öldürülməsi Keysariya şəhərində baş verib. Məlumata görə, pensiyaçı qiyafəsində olan naməlum killer onu yerli “Ajenda” kafesindən çıxarkən güdüb. Kriminal avtoritetə atəş açan qatil daha sonra onun yanında olan şəxslərə də atəş açaraq hadisə yerindən qaçıb.

Yuşvayev daha əvvəl də sui-qəsdə məruz qalıb. O, 2015-ci ildə ilk hücumdan sağ çıxıb.

İsrail hüquq-mühafizə orqanlarının məlumatına görə, son vaxtlar Yuşvayev digər kriminal qrupların nümayəndələri ilə münaqişəyə girib. Rəqibləri onun öldürülməsi üçün 1 milyon şekel (568 min 437 manat) mükafat təyin edib.

2026-cı ilin fevralında Yuşvayev Rusiyadan qayıtdıqdan sonra Ben-Qurion hava limanında saxlanılıb. Həmin vaxt hüquq-mühafizə orqanları onun rəqiblərinə hücum hazırlamasından şübhələnirdilər.

Yuşvayev İsrailin mərkəzi rayonlarına nəzarət edən kriminal qruplaşmaya rəhbərlik edib. Qrupun tərkibində Rusiyadan olan çoxsaylı şəxslərin olması səbəbindən ona “Qafqaz mafiyası” adı verilib.

Kriminal statusu Yuşvayevə dəbdəbəli həyat tərzi sürməyə imkan verib. O, “Bentley” avtomobilindən istifadə edib, bahalı brend geyimlər geyinib və hətta polis əməkdaşlarının belə ona həsəd apardığını bildirib.

Xaricdə fəaliyyət göstərməsinə baxmayaraq, Yuşvayev Rusiyaya baş çəkib. Orada bir neçə Moskva şirkətinin təsisçisi və rəhbəri kimi qeydiyyatda olub./publika

Exit mobile version