“Xırdalandan Bakıya hərəkət edən qatarlar əvvəl 26 dəqiqəyə çatırdısa, sabahdan 45 dəqiqəyə çatacaq”.

Bu barədə “Qafqazinfo”ya həmin qatarlardan mütəmadi istifadə edən sərnişinlər bildiriblər.

Onların sözlərinə görə, sərnişinlərə müddətin hansı səbəbdən iki dəfəyədək uzadılacağı ilə bağlı məlumat verilməyib.

Dəyişikliyin nə ilə bağlı olduğunu dəqiqləşdirmək üçün ADY-yə ünvanladığımız sorğuya belə cavab aldıq:

“Xırdalan-Biləcəri mənzilində yerləşən metal körpünün sökülərək yenidən tikintisi məqsədilə cüt yolun bağlanması ilə əlaqədar 25 avqustdan Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən şəhərətrafı qatarlar müvəqqəti olaraq yenilənmiş cədvəllə hərəkət edəcəklər. Bu səbəbdən, Xırdalan-Bakı istiqamətində səfər müddəti 45 dəqiqə təşkil edəcək. Bakı-Xırdalan istiqaməti üzrə isə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək”.

Açıqlamada qeyd olunub ki, bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək.

Yenilənmiş hərəkət cədvəli ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://ticket.ady.az/storage/pages/3266/sayt-ucun.pdf

Exit mobile version