Son günlər Ramiz Mehdiyev işi ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Milli Şuranın sədri mCəmil Həsənlinin Dövlət Təhlükəsizlik Xidmətində (DTX) dindirilməsi, həmçinin Əli Kərimlinin evində axtarış aparılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Artıq Əli Kərimliyə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. O, hakimiyyəti zorla əli keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham olunur.
Sözügedən proseslə bağlı fikirlərini Yeniera.az-la bölüşən millət vəkili Elman Nəsirov bildirib ki, DTX-nın Əli Kərimlinin evində apardığı axtarışın nəticəsində əldə edilən sübutlar və dəlillər onu göstərir ki, bütün yollar Moskvaya aparır. Xüsusilə də, Əli Kərimlinin milyarderlər ittifaqı ilə sıx əlaqələrinə dair materiallar üzə çıxıb. Eyni zamanda, Ramiz Mehdiyevin Moskvaya ünvanladığı və mətbuatda dərc edilməyən məktubunun redaktə olunmuş variantı da tapılan məxfi sənədlər sırasındadır. Artıq bəllidir ki, DTX Əli Kərimlini Azərbaycan Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə ittiham edib. Söhbət hakimiyyətin zorla ələ keçirilməsi və dövlətin konstitusiya quruluşunun devrilməsi ilə bağlıdır. Yeri gəlmişkən, bu, çox ağır ittihamdır, 12 ildən 20 ilə qədər və yaxud ömürlük həbs cəzası ilə nəticələnə bilər”.
Deputat qeyd edib ki, artıq antimilli şuranın üzvü Gültəkin Hacıbəyli də İstanbuldan Azərbaycana deportasiya edilib və istintaqa cəlb olunub:
“Eyni zamanda Antimilli şuranın sədri Cəmil Həsənli də DTX-da dindirilib və yəqin ki, istintaqa cəlb olunan antimilli ünsürlərin siyahısı daha da genişlənəcək. Belə olan halda əsas məsələlərdən biri odur ki, əgər bir partiya sədri dövlətə xəyanətdə ittiham olunursa, həmin partiyanın özünün mövcudluğu sual altına düşür və bu partiya qeyri-legitim statusu alır. İndiki vəziyyətdə AXCP-nin ləğv edilməsi istimai sifarişdir. İstintaq hər şeyi üzə çıxaracaq, kimlər ki, Azərbaycanda səfərbər olunub cəmiyyəti parçalamaq, xalq-hakimiyyət birliyini dağıtmaq yolunu seçibsə, hakimiyyəti zəbt etmək və konstitusiya quruluşunu devirmək niyyətinə düşüblərsə, deməli, onlar ilk növbədə ağıllarını itiriblər. Unudublar ki, Azərbaycan güclü dövlətdir, onun güclü Lideri var, xalq-hakimiyyət birliyi monolit qüvvə kimi çıxış edir və belə cəhdlər son nəticədə tam iflasa uğrayacaq”.
Ariz Həsənoğlu

