“Bu qərar vətəndaşların sosial rifahını gücləndirir” – DEPUTAT
Keçmiş məcburi köçkünlərimiz üçün şad xəbər var. İşğaldan azad edilmiş ərazilərdə keçmiş köçkünlərə ayrılmış yaşayış sahələri onların mülkiyyətinə veriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, Prezidentin tapşırığının icrası olaraq işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələri üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə “İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi haqqında” Fərman layihəsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
Yeni layihəni Oxu24.com-a şərh edən millət vəkili Məşhur Məmmədov bildirib ki, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesi yalnız insanların öz yurdlarına dönməsi deyil, həm də onların doğma torpaqlarında tam hüquqlu və təhlükəsiz həyat qurması deməkdir:
“Bu baxımdan məcburi köçkünlərə həmin ərazilərdə ayrılmış yaşayış sahələrinin onların şəxsi mülkiyyətinə verilməsi ilə bağlı hazırlanmış fərman layihəsi çox mühüm və tarixi addımdır. Bu qərar uzun illər doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın haqqının bərpası, onların sosial rifahının gücləndirilməsi və yeni qurulan yaşayış məntəqələrində dayanıqlı həyatın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İnsanlar yalnız evlərinə qayıtmır, onlar artıq həmin evlərin tam hüquqlu sahibi kimi öz gələcəklərini quracaqlar.
Hesab edirəm ki, bu təşəbbüs dövlətimizin vətəndaşlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür. İşğaldan azad edilmiş ərazilərdə müasir şəhər və kəndlər qurulur, infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, iş yerləri formalaşdırılır. İndi isə həmin evlərin mülkiyyətə verilməsi insanların bu torpaqlara daha möhkəm bağlanmasına və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edəcək”.
Deputatın sözlərinə görə, əsas məqsədimiz odur ki, qayıdan hər bir ailə özünü doğma torpağında güvənli, sabit və gələcəyə inamla yaşasın:
“Dövlətimiz tərəfindən atılan bu addım Böyük Qayıdış strategiyasının növbəti mühüm mərhələsidir. Əminəm ki, yaxın illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsi ölkəmizin ən inkişaf etmiş və həyatın ən yüksək standartlarının təmin olunduğu regionlarından birinə çevriləcək”.

