Son günlər Mədəniyyət Nazirliyi ətrafında baş verən proseslər əsas ictimai müzakirə mövzusuna çevrilib. Teatr və yaradıcılıq kollektivlərindəki narazılıqlara paralel olaraq nazirliyin mövqeyini əks etdirən rəsmi açıqlamalar da tirajlanır.
Yeniera.az xəbər verir ki, sözügedən məsələ bu gün Baku TV-nin canlı efirindəki “Aktual gündəm” proqramında da müzakirəyə çıxarılıb.
Belə ki, təşkil olunan canlı yayımda həm sənət adamları, həm də nazirliyin nümayəndələri iştirak edərək yaranmış narazılıqlara münasibət bildiriblər.
Caz və vokal ifaçısı Təranə Mahmudova Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva haqda iddialar səsləndirib. İfaçı tədbirlərə həmişə eyni adamların göndərildiyini deyib: “Mən Azərbaycan cazını təmsil etmək istəyirəm. Ancaq bu cür tədbirlərə göndərilmirəm. Niyə?! Çünki Mənzər Nurəliyevanın özünün qrupu var və bunu hamı bilir. Neçə illərdir bu adam monopoliya yaradır. Hər il eyni adamlar gedir. Axı sən 10 dəfə eyni adamları göndərəndə bir dəfə də məni göndərməlisən. Özümə güvənən biriyəm. Ona görə ki, bu dəqiqə Azərbaycanın ən yaxşı caz pianoçuları ilə işləyirəm”.
Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova onun fikirlərinə belə cavab verib: “Bu məsələ hüquq-mühafizə orqanlarının predmetidir. Əsas olmadan qarşı tərəfin şərəf və ləyaqətinə toxunmaq hüququmuz yoxdur. Əfsuslar olsun ki, son günlər biz məhz bu problemlərlə gündəmə gəlirik. Aydınlaşdırmalıyıq ki, söhbət 2004-2022-ci illərdən gedir. Bizim burada cavabdehlik dərəcəmiz nə qədərdir? Yəni faktlara əsasən danışmaq lazımdır. “Kimsə nəsə dedi, kimsə narazıdır” demək peşəkar yanaşma deyil”.
Kamança ifaçısı Şəhriyar Musayev isə bildirib ki, onların niyyəti Mədəniyyət Nazirliyinin fəaliyyətinə kölgə salmaq deyil: “Nazirliyin fəaliyyəti ilə bağlı mənim nə şübhəm ola bilər? Bu etdiklərimiz fərdlə olan problemdir. Biz qurumu yox, fərdi tənqid edirik. Mən Mədəniyyət Nazirliyinin heç bir layihəsində iştirak etməmişəm”.
Verilişə bundan başqa, müğənnilər Nura Suri və Almaxanım Əhmədova da qoşularaq nazirlik haqda fikirlərini ifadə ediblər.
Daha ətraflı videomaterialda:

