Türkiyənin xarici işlər naziri Hakan Fidan Yəməndə on ildir davam edən münaqişə fonunda Məkkə müqaviləsinin işlək olmadığı barədə tənqidlərin vaxtından əvvəl olduğunu bildirib. Musavat.com bildirir ki, Nyu-Yorkda keçirilən “Yüzillik ərəfəsində Türkiyə-Amerika münasibətləri” panelində çıxış edən Fidan ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefriyə yaxınlaşaraq orduya nə vaxt qoşulduğunu soruşub. Cefri cavabında “Təxminən 50 il əvvəl” deyib.

Daha sonra Fidan bu müddət ərzində NATO-nun 5-ci maddəsinə neçə dəfə istinad edildiyini soruşub. Cavab belə olub: “yalnız bir dəfə”. Türkiyənin xarici işlər naziri ardınca bildirib ki, “amma heç kim NATO-nu “kağız pələng” kimi tənqid etmir”. Fidanın sözlərinə görə, Yəməndəki hadisələrə (hüsilərdən söhbət gedir – red.) əsaslanaraq, Məkkə anlaşmasının təsirsiz olduğu qənaətinə gəlmək tezdir. “Biz hələ təzə başlamışıq”, – nazir vurğulayıb.
Bu arada, MinvalPolitika yazıb ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan bu hadisələr fonunda qərargah rəislərinin təcili iclasını çağırıb.
Bu, birgə müdafiə müqaviləsi çərçivəsində ilk addımdır. Görüş 24 sentyabr hücumları ilə əlaqədar baş tutub: Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Taif və Yanbuya yönəlmiş altı ballistik raketi ələ keçirib. Husilər həmçinin Ər-Riyad və Aramco obyektlərinə də zərbələr endirdiklərini bildiriblər.

Qeyd edək ki, Məkkə sazişi hələ üç ölkənin – Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının parlamentləri tərəfindən hələ ratifikasiya edilməyib. İstənilən halda, bu saziş işə düşə bilərmi? Fidan son açıqlaması ilə nəyə işarə vurub?
Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a açıqlamasında Məkkə sazişinin işə düşməsini hələlik real saymadığını deyib. Onun dəyərləndirməsi budur ki, Fidan həqiqəti söyləyib və sazişdən irəli gələrək Türkiyə və Pakistanın müharibəyə qoşulması üçün tezdir: “O sənəd Şuşa bəyannaməsinə oxşardır. Sazişdə deyilir ki, tərəflərdən birinin suverenliyinə təhdid olarsa, müttəfiq ölkənin ordusu köməyə gələ bilər. Hazırda Yəmən husilərinin zərbələri Səudiyyə Ərəbistanı üçün ərazi bütövlüyünə təhdid yaratmır. Bu, sadəcə eskalasiyadır, təhlükəsizlik məsələsidir və krallıq hələ ki, özünü müdafiə edə bilir. Yəni Məkkə sazişinə qoşulan ölkələrin dəstəyinə ehtiyac duymur. Üstəlik, əgər Türkiyə və Pakistan müdaxilə edərsə, o zaman müharibənin coğrafiyasının genişlənməsi riski meydana çıxacaq”.

Hərbi analitik misal olaraq qeyd edib ki, Ukraynada müharibə getdiyi dövrdə Rusiya dronları Polşa, Rumıniya ərazilərinə düşüb, amma NATO buna görə Moskvaya cavab zərbəsi endirməyib: “Çünki bu dron hücumları alyansa qarşı müharibə elan edilməsi kimi dəyərləndirilməyib. O nöqteyi-nəzərdən NATO Rusiya ilə birbaşa müharibə aparmayıb. Eləcə də husilərlə Səudiyyə Ərəbistanı arasında hərbi toqquşmalar o həddə çatmayıb ki, Məkkə sazişinə qoşulanlar döyüşlərdə iştirak etsinlər. Bu ehtimalın gerçəkləşməsi o halda mümkündür ki, İran Səudiyyə Ərəbistanına hücum etsin. Hərçənd yenə də Türkiyə və Pakistan təmkinli davranacaq. Nəzərə alaq ki, olduqca həssas məsələdir, hər biri müsəlman ölkəsidir. Üstəlik, Pakistan ABŞ ilə İran arasında İslamabad memorandumu imzalanmasında müsbət rol oynayıb. Husilərin də müsəlman olduğunu unutmasaq, bu zaman məsələlərə kənardan bəsit qiymət vermək olmaz”.

Exit mobile version