Ölkənin tanınmış elektronika mağazalar şəbəkələrindən olan “İrşad Electronics” ətrafında ciddi iddialar səslənib. Şirkətin keçmiş əməkdaşı Ruslan Hüseynov rəhbərlik tərəfindən ona qarşı təzyiqlər və hədə-qorxular olduğunu iddia edib.
Yeniera.az xəbər verir ki, onun sözlərinə görə, onu maliyyə departamentinin rəhbərinin otağına aparıblar: “Orada şirkət idarə heyətinin üzvləri hamısı birləşib məni sorğu-sual, hədə-qorxu əsasında, necə desək, nələrisə mənim boyunuma qoymağa çalışırdılar”.
R.Hüseynov bildirib ki, 2025-ci ilin mart ayında Abdülkərimli Mehrap adlı müştəri ilə tanış olub və həm nəğd, həm də köçürmə üsulu ilə alışlar başlayıb: “Həmin şəxsin 240 min manat borcu var idi.
Abdülkərimli Mehrabla noyabr ayının 27-də görüşməli idik. Sadəcə, görüşə az qalmış əlaqə kəsildi, zəng çatmadı. Apardığım araşdırmaya görə öyrəndim ki, həmin şəxs ölkəni tərk edib”.
O, bunu öz yuxarı rəhbərinə bildirdiyini qeyd edib. Şikayətçi iddia edir ki, şirkət rəhbərliyi onu daim hədələyib, borcun ödənilməsini tələb edib və əks təqdirdə onu həbs etdirəcəkləri ilə hədə-qorxu gəliblər. Buna görə də məcburi şəkildə evini onların adına keçirdiyini iddia edib.
Məsələ ilə bağlı “İrşad Electronics”ə sorğu ünvanlanıb. Şirkət bildirib ki, Ruslan Hüseynova hər hansı qanunsuz təzyiq göstərilməsi barədə iddiaları qəbul etmirlər. Şirkət tərəfindən R.Hüseynovun əmək fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə daxili araşdırma aparılıb. Araşdırma zamanı şirkətə külli miqdarda maddi zərər vurulmasına dair əsaslı şübhələr yarandığından materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
“İrşad Electronics” ev məsələsini təkzib etsə də, Ruslan Hüseynov evin şirkətin satınalma və tikinti departamentinin rəhbəri Elnur Kərimovun adına keçirildiyini göstərən sənədləri təqdim edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
