Rusiyanın Yekaterinburq şəhərində bənövşəyi rəngli “Lamborghini Aventador SVJ” idman avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Yeniera.az SHOT “Telegram” kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Məlumata görə, dəyəri 35 milyon rubl (təxminən 720 min AZN) qiymətləndirilən avtomobil “Rus Mis Şirkəti”nin rəhbəri, adı “Forbes” siyahısına daxil olan milyarder İqor Altuşkinə məxsusdur. Sükanı arxasında onun kiçik oğlu, 20 yaşlı David Altuşkin olub.
İlkin versiyaya görə, sürücü Otradnaya küçəsində idarəetməni itirərək ərazidə yerləşən mağazanın fasadına çırpılıb.
Qəza zamanı xəsarət alan şəxslərdən biri Rusiya-Ukrayna müharibəsinin veteranı, 23 yaşlı Timur Xəlilov olub. Şahidlərin sözlərinə görə, o, qoltuq ağacları ilə hərəkət edirmiş. Həmin şəxsin daha əvvəl adam qaçırılması ittihamı ilə həbs olunduğu bildirilir.
Qəza törətmiş lüks avtomobilin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
